Uşaq qidalarının qiymətlərində nəzarət olacaq
17.09.2015 597 0.0 0

Azərbaycanda uşaq dərmanları da daxil olmaqla, 1057 dərmanın qiymətinin aşağı salınması, uşaqlar üçün nəzərdə tutulan süni yeməklər və sıyıqların da qiymətinin tənzimlənməsi məsələsini gündəmə gətirdi.

Dövlət qeydiyyatında olan bütün dərmanların qiymətinin ilin sonunadək tənzimlənməsi baş versə də, süni yemək və sıyıqların qiymətində heç bir dəyişikliklər gözlənilmir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev deyib: "İlin sonunadək yalnız dövlət qeydiyyatında olan dərman vasitələrinin qiyməti tənzimlənəcək, dövlət qeydiyyatında olmayanların buna aidiyyatı yoxdur".

Uşaq qidalarının qiymətləri hazırda 6-30 manat arasında dəyişir. Ən çox alınanları isə, 9-15 manat arasındadır. Həftədə 2 dəfə bu qidaların alındığını nəzər alsaq, o zaman, bir aya təxminən nə qədər pul sərf olunduğunu hesablamaq o qədər də çətin deyil. Onu da qeyd etmək lazımdır ki, körpələrə lazım olan bu uşaq yeməklərini və sıyıqları maddi durumundan asılı olmayaraq bir çox hallarda bütün valideynlər almağa məcbur olurlar. Çünki bu qidalar artıq ilk doğuş günündən həmin körpələrə verildeyindən sonradan onların ana südü ilə qidalanması çətinləşir. Ona görə də valideynləri düşündürən əsas məsələ bu qidaların qiymətləridir. Amma xarici ölkələrdən gətirilən bu yeməklərin qiyməti hələ ki, bazar tərəfindən tənzimlənir.

 


Uşaq sıyığı 

 

Müsahibim Firəngiz Heybətova də beş aylıq körpəsinə süni yemək verir. Səbəb isə südünün çox az olması və uşağın doymamasıdır: "Təzə-təzə Fatiməyə ana südü verirdim, amma 3 ayından sonra gördüm ki, uşaq doymur, ona görə də süni yemək vermək məcburiyyətində qaldım. Əslində, süni yemək vermək mənə sərf etmir. Çünki qiyməti həddindən artıq bahadır. Amma uşağıma görə almaq məcburiyyətindəyəm".

Həkim Səfayət Babayeva da valideynlərə ana südü verməyi daha çox məsləhət görür. O deyir ki, ana südü immun sistemini yaxşılaşdırır, allergiya təhlükəsini azaldır, uşağın məntiqi təfəkkürünü möhkəmləndirir və onun boy artımına kömək edir. 

"Heç olmasa, yaxşı olar ki, analar azı 6 ayına kimi körpəyə ana südü versinlər. Çünki süni yeməklərin tərkibi ana südünə yaxın hazırlansa da, onlarda infeksiyanın qarşısını alan heç nə yoxdur. Ana südü ilə qidalanan uşaqlarda su çiçəyi, qızılca və s. bu kimi xəstəliklərə yoluxma ehtimala çox azdır, nəinki, süni yeməklə qidalananlarda", - deyə Səfayət xanım bildirdi.

Hazırda dərmanların qiyməti dövlət tərəfindən tənzimlənsə də, bunun gələcəkdə uşaq qidalarına aid edilməsi də valideynləri müəyyən qayğılardan azad edə bilər.

İqtisadçı Vüqar Bayramov da uşaq qidalarında süni qiymət artımının olduğunu dedi: "Uşaq yeməklərinin qiymətlərinin tənzimlənməsinə ehtiyac var. Çünki onların qiymətləri çox yüksəkdir. Düzdür, onlar da dərmanlar kimi qeydiyyatdan keçmədiyi üçün onların qiymətində dəyişikliklər yoxdur, lakin mövcud qanunvericilik imkan verir ki, sosial və iqtisadiyyat nazirliyi prosesə müdaxilə etsin və həmin qidaların qiymətinin süni şəkildə qaldıran müəssisəyə xəbərdarlıq etsin. Onların əksəriyyəti xaricdən idxal olunur. Uşaq yeməkləri və sıyıqlarının gətirildiyi ölkədəki qiymətini müəyyənləşdirilib, nəqliyyat və vergi ödənişləri də daxil edilməklə onların maya dəyərini hesablamaq olar".

 


Vüqar Bayramov - iqtisadçı


Sentyabrın 15-dən etibarən dərmanlar Tarif Şurasının tənzimlədiyi qiymətlə satılır. Əvvəllər 5 manata satılan dərman, indi 3 manat 37 qəpiyə alıcıya təklif olunur. Hələ ki, bu qiymətlər bütün dərmanlara şamil olunmasa da, amma ilin sonuna kimi vahid qiymət strategiyası bütün dərmanlara tətbiq olunacaq. Bununla da, alıcıların daha ucuz dərman üçün bir neçə əczəxana gəzməsinə ehtiyac qalmayacaq.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri daim davam etdirilir. Bununla da, sahibkarlar özbaşına süni artıma yol verə bilmirlər. Bundan sonra belə monitorinqlərin uşaq qidaları və sıyıqlarının qiymətinin qalxması ilə aparılacağına da inanırıq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar