Uşaq komissiyalarına qarşı yeni tələb
04.02.2015 792 0.0 0

Azərbaycanda yerli icra hakimiyyətlərinin yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda çalışan işçi heyətinə qarşı konkert tələblərin qoyulması və onların attestasiyadan keçməsi təklif edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bu məsələ “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən komitə tərəfindən hazırlanmış “Milli Uşaq Strategiyası”nın layihəsində nəzərdə tutulub.

Komitədən bildirilib ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların yerlərdə uşaq siyasətinin həyata keçirilməsinə nəzarət etmək, uşaqların ehtiyaclarını, problemlərini müəyyən etmək, uşaqlara qarşı sui-istifadə, etinasızlıq hallarını aşkar etmək kimi geniş səlahiyyətləri var. Ancaq bu gün həmin komissiyaların fəaliyyəti gücləndirilməlidir.

Yerlərdə uşaqların müdafiəsi üzrə əsas orqan olan komissiyalar əsasnamələrinə uyğun olaraq, uşaq və valideynlərin hüquq pozuntuları üzrə inzibati işlərə baxmaqla yanaşı, yetkinlik yaşına çatmayanların hüquqlarını və maraqlarını müdafiə etmək, onların yaşayış şəraitlərini yaxşılaşdırmaq, onların sağlamlıq məsələləri ilə məşğul olmaq, təhsil, iş, asudə vaxt və sairlə bağlı proqramlarda iştirak etmək və onların icrasına nəzarət etmək vəzifələri var. Lakin təcrübədə komissiyalar uşaqlardan sui-istifadə haqqında şikayətlərə baxırlar, münaqişədə olan yetkinlik yaşına çatmayanlara və valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım edirlər, çətin tərbiyə olunan uşaqların və ya pis və zərərli vərdişləri olan uşaqların dövlət müəssisələrinə yerləşdirilməsi üçün tədbir görürlər.

Komitədən qeyd edilib ki, tərkibi 9-11 üzvdən ibarət olan komissiyaların məhdud potensialı istər maliyyə, istərsə də üzvlərinin sayı və fəaliyyət xüsusiyyətləri baxımından onların malik olduqları geniş səlahiyyətlərin tətbiqində problem yaradır. Komissiyaların üzvləri müxtəlif vəzifə sahibləri olmaqla, eyni zamanda, komissiyada ictimai əsaslarla fəaliyyət göstərirlər. Komissiyanın tərkibinə təhsil, səhiyyə, daxili işlər orqanlarının, mədəniyyət təsisatlarının və digər müəssisələrin rəhbərləri daxil edilirlər. Əslində komissiyanın bu cür təşkili və fəaliyyəti yerlərdə uşaq hüquqlarının effektiv həyata keçirilməsinə zəmanət vermir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təklif edir ki, yetkinlik yaşına çatmayanların erkən yaşda ailə qurması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq uşaq hüquqlarının ciddi pozulması hallarıdır. Bu problemlərin qarşısının alınması sahəsində yerli icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin gücləndirilməsi önəmlidir. Yerli səviyyədə uşaqlara xidmət göstərən komanda şəklində çoxsaylı işçi heyəti olmalı və onlara qarşı konkret tələblər qoyulmalıdır, onlar təlimləndirilməli, attestasiyadan keçməlidirlər: “Hazırda göstərilən xidmətlərin çoxu sovet dövründə mövcud olan qayda ilə həyata keçirilir. Yerli ehtiyaclar nəzərə alınmaqla xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, təkmilləşdirilməsi istiqamətində işlər aparılmalıdır”.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar