İştahsızlıq - ana-atalar tərəfindən ən çox şikayət edilən və həkimlərin ən çox qarşılaşdıqları bir vəziyyətdir. Analar özlərinin uyğun gördüyü miqdarda yemək yeməyən uşaqlara “iştahsızdır” deyirlər. Burada əhəmiyyətli olan məqam bu şikayətin nisbi, yoxsa həqiqətə uyğun olmasıdır. Aile.lent.az türkiyəli uşaq həkimi Yılmaz Kanberin uşaqlarda iştahsızlıq və səbəbləri haqqında fikirlərini təqdim edir.
Həkim qeyd edir ki, iştahsızlıqla birlikdə çəkisi artmayan və kifayət qədər inkişaf göstərməyən uşaq bu səbəbin ortaya çıxarılması üçün həkimə göstərilməlidir. Müayinə ilə uşağın böyümə və inkişaf ölçülərinin yaşına uyğun olub-olmaması qiymətləndirilməlidir: “Uşaqların böyümə və inkişaf dövri fərqliliklər göstərir. İlk bir il böyümənin ən sürətli olduğu dövrdür və təbii ki, kalori ehtiyacı da çoxdur. Bir yaşından sonra bu sürətli böyümə artıq yavaşlayar, buna paralel olaraq kalori ehtiyacı də azalır. Bu səbəbdən əvvəlki vaxta nisbətən diqqətə çarpan iştahsızlıq müşahidə edilir. Xüsusilə 15–20-ci aylar iştahsızlığın ən çox olduğu dövrdür”.
Böyümə bəslənmədən başqa, yaş, cinsiyyət, maddələr mübadiləsinin sürəti, fəaliyyət aktivliyi, genetik, psixoloji və ekoloji faktorlardan təsirlənir və hər uşaqda fərqli olur. Ən çox rast gəlinən vəziyyət isə valideynlərin uşaqları nə qədər yesə də, aldıqları qidaların kifayət olmadığını düşünmələri və uşaqlarının yediklərini başqa uşaqlarla müqayisə etmələridir: “Valideynlər bilməlidir ki, uşaqların aldığı qidanın miqdarı qədər tərkibi də əhəmiyyətlidir. Yüksək kalorili biskvit, şokolad kimi qidalar, fast-food kimi qidalanma tərzi normal yemək yemə miqdarına təsir edir və kifayət qədər kalori aldığı halda, iştahsız görünür. Yaşına uyğun böyümə göstəricisi olan uşaq sizə iştahsız kimi görünsə də, ehtiyacı olan qidaları qəbul edir”.
Mütəxəssis məsləhət görür ki, uşağın qabına az yemək qoyulmalı və uşaq öz qaşığı ilə yeməlidir. Uşaqda yeməyin süfrədə yeməsini vərdiş halına gətirmək vacibdir. Qida dəyəri yüksək, uşağın sevərək yediyi qidalar seçilməli, qətiliklə miqdar mövzusunda zor tətbiq edilməməlidir: “Qardaşın bitirdi, sən hələ yeməmisən” kimi müqayisələr etməyin. Yeyib qurtararsa, təqdir edilməli, lakin mükafata alışdırılmamalıdır. Çox miqdarda inək südü və ya meyvə suyu içən uşaq tox olduğu üçün digər qidalara meyli olmur. Bundan başqa, həddindən artıq süd içmək nəticəsində meydana gələ bilən qansızlıq da iştahsızlığa səbəbi olur. Uşağın qabına yeyə biləcəyi qədər yemək qoyulmalıdır, hətta az qoyun və yedikcə əlavə edin. Yeyib bitirdikdən sonra onu tərifləyin. Uşağın fərdi inkişafı dəstəklənməlidir, süfrədə azad buraxılmalıdır, öz qaşığı ilə yeməsinə fürsət verilməlidir. Açıq havada gəzdirin və yeməyini açıq havada yeməsini təmin edin”.
İştah açan, lakin heç bir yan təsiri olmayan dərman yoxdur. Tibb ədəbiyyatında iştahı artırdığı məlum olan dərmanların sayı çox azdır: “Ümumiyyətlə, bu məqsədlə istifadə edilən dərmanlar allergiya yaradır və yan təsirləri ortaya çıxır. Bu dərmanlardan istifadə edildikdə yuxu, keylik, bəzilərində narahatlıq, həddindən artıq əsəbilik, allergik reaksiyalar, qansızlıq, qaraciyər üzərinə toksik təsir, qusma, ishal, qəbizlik, tez və ağrılı sidiyə getmə kimi yan təsirlər də ortaya çıxır”.
Uşağın yemək vaxtları bəzən ailəsi ilə döyüşə meydanına çevrilə bilər. İştahsızlığını döyüş olaraq istifadə edən uşaqlar hər zaman qalib olurlar. Bu döyüşü qazanmaq istəyirsinizsə, ilk işiniz onların qidalanma vərdişlərini dəyişdirmək olmalıdır. Bunun üçün...
- Əlavə qidalara 6-cı aydan daha gec başlamayın
- Körpənizi 9-cu aydan süfrədə əyləşdirin
- Əl bacarıqlarının, dişləmə və çeynəmə bacarıqlarının inkişafına kömək olun
- Uşağın sevmədiyi qidaları yeməsində israr etməyin. Lakin vaxt keçdikcə daha cazibədar hala gətirərək təqdim edin
- Uşaqların mədə tutumları kiçik olduğu üçün 7-8 qaşıqdan sonra yemək istəməyə bilərlər. Bu vəziyyətdə onları məcbur etməyin. Bəzi analar uşaqlarına məcbur yemək yedirirlər
- Uşağınızı başqa uşaqlarla müqayisə etməyin
- “Balaca qalassan”, - deyə tənqid etməyin
- Yemək əsnasında uşağı üzəcək və ya qorxudacaq şeylər söyləməyin
- Evdə mübahisə edən valideynlərin varlığı uşaqlarda yemək yeməyərək reaksiya vermələrinə səbəb ola bilər
- Yeməkdən əvvəl uşağa tez-bazar qidalar yedirməyin. Bununla uşağın iştahını kəsirsiniz.
- Əmzik yerinə stəkan istifadə etməsi vərdişi qazandırın
- Yeməklərini asan yeyə biləcəyi şəkildə hazırlayın
- Uşağın şüuraltına yerləşmiş narahatlıq, kədər, nifrət və ya qısqanclıq kimi duyğular iştah azalmasına səbəb ola bilər və bu vəziyyətin müalicəsi lazımdır./lent.az/