Ümid Partiyası ötən gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:Ümid Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri və müşahidəçiləri müşahidə apardıqları MnSK-larda ciddi qanun pozuntularına rast gəlinib.
29 saylı Səbail seçki dairəsinin 26 saylı məntəqəsində seçki başlayandan sonra bir saat ərzində seçici aktivliyi olmamasına baxmayaraq seçki qutusu bülletenlə doldurulub. 22,23,25, 27 , 28,29 saylı məntəqələrində isə günün birinci yarısı karusel işlənib. Qutulara topa bülleten atılıb. Bir nəfər bir neçə nəfərin əvəzindən və bir nəfərin eyni məntəqədə bir neçə dəfə səs verməsi qeydə alınıb.
21 saylı Nəsimi seçki dairəsinin 6, 15, 22, 18, 27 saylı məntəqələrində karusel işlənib. Qutulara topa bülletenlərin atılması, barmaqları yoxlanmadan seçicilərin seçkiyə buraxılması, bir nəfərin bir neçə şəxsin əvəzindən səs verməsi, bülletenlərin seçicilərə topa halda verilməsi müşahidə olunub. Seçicilərə işarələnmiş bülletenlər verilib. Seçici fəallığının həddindən artıq zəif olmasına baxmayaraq qutular doldurulub. Məntəqə üzvləri seçicilərin əvəzindən imza vərəqələrinə toplu halda imza atıblar. Əldə olunan məlumata görə, seçki bitməmiş 19 nəfər bələdiyyə üzvünün artıq siyahısı məntəqələrə göndərilib və saxtakarlığın adları verilən şəxslər üçün edilməsinə göstəriş verilib.
Göyçay 89 saylı seçki dairəsində rayonda olan bütün idarə və müəssisələrin əməkdaşları karuselə cəlb olunub. Həmin şəxslər avtomobillərlə gəzdirilərək bütün məntəqələrdə səs veriblər. Seçici aktivliyi müşahidə olunmayıb. 2, 4,5,11, 18 saylı məntəqələrdə məntəqə üzvləri tərəfindən qutulara topa bülletenlər atılıb.
Sumqayıt 41 saylı birinci və Sumqayıt 42 saylı ikinci seçki dairəsində karusel işlənib. Bir nəfər bir neçə nəfərin əvəzindən səs verib. seçicilərə topa və işarələnmiş bülletenlər verilib. Barmaqlar yoxlanmadan və mürəkkəb vurulmadan seçicilər seçki məntəqələrinə buraxılıb. Məntəqə üzvləri qutulara topa bülleten atıblar.
Qeyd edək ki, müşahidələr, faktların sənədləşdirilməsi davam etdirilir. Günün sonunda baş verən seçki saxtakarlıqları ilə bağlı mətbuata ətraflı məlumat veriləcək.