"Ukrayna ordusu son bir neçə ayda Rusiyanın dəstəyi ilə fəaliyyət göstərən separatçı qüvvələrin işğallarına qarşı ciddi dirəniş göstərməyə nail olub. Ukrayna ordusunun müqaviməti ruslara baha başa gəlib və ona görə indi tərəflər arasında atəşkəs rejimi davam edir".
Məlumata görə, ABŞ dövlət departamentinin Avropa və Asiya məsələləri üzrə dövlət katibi köməkçisi Viktoriya Nuland belə bir açıqlama verib.
Ukraynada keçirilən Yalta Avropa Strategiyası konfransında çıxışı zamanı Nuland hazırda Ukraynaya ən çox dəstəyin də Amerikadan gəldiyini qeyd edib.
“Biz daimi olaraq Ukraynanın müdafiə olunmasına kömək edirik. Buna 224 milyon dollar sərf olunub. Ukrayna hərbi qüvvələrinin təlimatlandırılması və hərbi vasitələrlə təchiz olunması işində daha çox Amerika hökuməti fəallıq göstərir”, deyə Nuland bildirib.
Ukraynanın sabiq dövlət başçısı Leonid Kuçma hazırda müşahidə olunan atəşkəs rejimini, əslində, donmuş münaqişə adlandırıb. Onun sözlərinə görə, münaqişə hər an yenidən alovlana bilər. Kuçma vəziyyətin belə qalmasında Rusiyanın da maraqlı olduğunu ifadə edib.
Təmas xəttində monitorinq aparan ATƏT rəsmiləri artıq 10 gündür ki, tərəflər arasında atəşkəsin müşahidə olunduğunu bildirib./anspress/