Ukrayna-Rusiya: «qaz davası» yeni mərhələdə (FOTO)
02.07.2015 646 0.0 0

 

 

Macarıstandan Ukraynaya qazın tranziti dayandırılıb. Bu addım Ukraynanın "Naftoqaz" şirkətinin iyulun 1-dən Rusiya qazının alınmasının dayandırmasını rəsmən elan etməsindən sonra baş verib.

Məlumata görə, bu barədə "Ukrtransqaz" şirkəti açıqlama yayıb.

Şirkətin mətbuat katibi Maksim Belyavskinin sözlərinə görə, hazırda Ukraynaya qazın çatdırılması yalnız Slovakiya vasitəsilə həyata keçirilir. Təchizat həcmi 13,6 milyon kubmetr təşkil edir. Rəsmi Kiyev Slovakiyanın bu addımını yüksək qiymətləndirib və təşəkkür edib. 

Ancaq Ukraynanın baş naziri Arseniy Yatsenyuk Brüsseldə Avropa İttifaqına üzv ölkələrin toplantısında əsas diqqəti Rusiyanın "Qazprom" şirkəti ilə Slovakiyanın qaz operatoru "Eustream" arasında imzalanan müqavilənin yoxlanılmasına yönəldib. Çünki Macarıstanla bağlı işləri bu operator reallaşdırır. Rəsmi Kiyevin fikrincə, Ukraynaya qazın çatdırılmasına mane olmaq Avropa İttigaqı qanunvericiliyinin pozulması deməkdir.

"Naftoqaz" şirkəti rus qazının nəqlini dayandırması barədə qərarı 2015-ci ilin üçüncü rübü üçün qazın qiymət haqqında Rusiyanın "Qazprom" şirkəti ilə razılığa gələ bilməməsindən sonra verib.

Ukraynanın energetika naziri Vladimir Demçişin deyib ki, onlar qazı başqa mənbələrdən alacaq. Rəsmi Kiyev qiymət barədə razılığa bu ilin oktyabrına qədər nail olunacağına inanır. Rusiyanın bu ilin üçüncü rübündə min kubmetrə görə qazın qiymətini 247,18 dollar hesablaması, Ukraynanı qane etmir. Kiyev üçün ən sərfəli çıxış yolu min kubmetr üçün 200 dollardan bir qədər çox ola bilər.

Rusiyanın energetika naziri Aleksandr Novak isə deyib ki, "Naftoqaz" üçün 40 dollardan çox endirim etməyə düzgün deyil, çünki bu halda bazarda qiymət aşağı düşə bilər.

 


"Qazprom" keçən ilinin oktyabrında Brüsseldə danışıqlardan sonra Ukraynaya müqavilə qiymətinə 100 dollar endirim edib. Bu il martın sonuna kimi qazın qiyməti min kubmetr üçün 329 dollar təşkil edirdi. Endirimdən sonra ikinci rübdə qazın qiyməti 248 dollar olub.
 

Ukraynanın mavi yanacağın alınmasını dayandırması iki ölkə arasında yeni "qaz davası"na yol açıb. Hələ bir müddət əvvəl "Naftoqaz" şirkəti "Qazprom"dan 16 milyard dollar tələb edirdi. Rəsmi Kiyev bu iddianı Stokholm Arbitraj Məhkəməsində də qaldırıb. Ölkənin baş naziri bununla bağlı sosial şəbəkədə yazıb ki, bu iddialar Rusiya qazının alınması və tranziti ilə bağlı müqavilələrə aiddir: "Tranzit müqaviləsi Ukraynaya münasibətdə ədalətsizdir və "Qazprom" Kiyevin "Naftoqaz" şirkətinə dəyən zərərə görə 10 milyard dollardan çox kompensasiya ödəməlidir."

"Qazprom"un nümayəndəsi Sergey Kupriyanov Ukraynanın bu mövqeyini şərh edərək demişdi ki, Rusiya şirkətinin "Naftoqaz"a qarşı kompensasiya tələbi Kiyevin Moskvaya iddialarından çoxdur. "Amma biz hələ konkret rəqəm açıqlamırıq".

 

 

Ümumiyyətlə, Rusiya qazının Avropaya tranziti ilə bağlı iki ölkə arasındakı mübahisədə, bu, ilk ittiham deyil. İqtisadi böhranın təsir elədiyi Ukrayna Rusiyadan kifayət qədər qaz almadığını söyləyir, Rusiya isə ukraynalıları qazı mənimsəməkdə günahlandırır. 

Sonuncu dəfə iki ölkə arasındakı qaz mübahisəsi üzündən ötən qışda Rusiya Ukraynaya verdiyi qazı kəsmişdi və nəticədə Avropanın bəzi əraziləri "mavi yanacaqsız" qalmışdı.

Kiyev Rusiya qazının Ukrayna ərazisindən nəqli ilə bağlı müqavilənin şərtlərini və qiymətlərin aşağı salınmasına dəyişdirməyə cəhd göstərir. Təbii ki, "Qaz davası"nda bütün tərəflərin itirdiyi var. Ukrayna ərazisindən qaz tranziti Rusiyanın Avropaya "mavi yanacaq" ixracının yarıdan çoxunu təşkil edir. "Qazprom" ötən il xaricə 163 milyard kubmetr qaz tədarük edib ki, bunun da 86 milyard kubmetri Ukrayna ərazisindən keçib.

Krımın Rusiya tərəfindən ilhaqı təbii qazın Ukraynadan tranzitinə zərbə vuran əsas amillərdəndir. Moskva Kiyevin qazdan asılılığından faydalanmağa çalışır. Rus qazının tranzit həcmlərinin alternativ marşrutlara keçirmək imkanları isə məhduddur.

 

Məsələn, Türkiyəyə Qara dənizdən keçməklə uzanan "Mavi axın" kəmərinin illik layihə gücündə əlavə buraxılışa yalnız 2 milyard kubmetr həcm üçün yer var. Belarus və Polşadan keçən "Yamal-Avropa" boru kəməri də tam yüklənib.
 


"Qazprom"un "Şimal axını" kəmərinin imkanları daha genişdir. Baltik dənizinin dibi ilə Almaniyaya uzanan bu kəmərin illik layihə gücü 55 milyard kubmter olsa da, bu boru vasitəsi ilə ötən il 23 milyard kubmetr qaz nəql edilib. Lakin "Şimal axını" kəməri ilə yeni bazarlara qaz tədarükünə dair Rusiyanın başqa planları var. Belə ki, indiyədək rus qazı almayan Danimarka bu kəmərdən "mavi yanacaq" almağa hazırlaşır.

Digər tərəfdən, hətta Ukrayna tranzitindən 30 milyard kubmetr qaz bu kəmərə vurulsa belə, ildə 60 milyard kubmter qaz havada qalır. "Qazprom"un onu Ukraynadan ötürməkdən başqa çarəsi yoxdur.

 


Rusiyalı ekspertlərin sözlərinə görə, Rusiyanın Ukrayna ərazisindən tranzitdən asılılığı ciddi olaraq qalır. Lakin bu asılılığın əks tərəfi də var. Ukrayna hələ də böyük miqdarda rus qazı istehlak edir. Düzdür, Ukraynanın Rusiyadan aldığı qaz həcmləri son illərdə xeyli azalıb. Məsələn, Kiyev 6-7 il əvvəl 53-54 milyard kubmter rus qazı alırdısa, 2013-2014-cü ildə bu rəqəm 26 milyard kubmetrdən çox olmayıb.

Beləliklə, Ukraynanın rus qazından asılılığı davam edəcək. Lakin bu qazın əsas istehlakçıları Ukraynanın şərq bölgələrində cəmləşib. Şərqi Ukraynanı isə Rusiya öz nəzarəti altına alıb. "Qazprom" Ukraynaya qaz tədarükünü dayandırsa, zərbə ilk növbədə, bu bölgədəki etnik ruslara dəyəcək.

Burada bir maraqlı məqam da var. Belə ki, Rusiyanın hazırki iqtisadi vəziyyəti qənaətbəxş deyil. İndi keçirilən rəy sorğuları da bunu təsdiqləyir. Rusiyanın 43 subyektində 1500 nəfər arasında keçirilən sorğuda rəyi soruşulanların 28%-i ölkənin böhranda olduğunu, 26% isə böhran təhlükəsini hiss etdiklərini bildirib. Respondentlərin hər beş nəfərindən biri (22%) isə iqtisadi vəziyyətin normal olduğu fikrindədir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar