Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Ukrayna telekanalına rəsmi etiraz ünvanlayıblar.
Qazeta.info Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki,Ukraynanın "1 + 1" televiziya kanalının jurnalistləri Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi və Azərbaycanın əleyhinə veriliş hazırlaması ilə əlaqədar Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu kanal rəhbərliyinə rəsmi olaraq öz etirazını bildirib. Təşkilatın sədri Hikmət Cavadovun imzaladığı etiraz məktubunda jurnalistlərin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurulmuş, heç bir dövlətin, o cümlədən Ukraynanın tanımadığı qondarma respublikaya səfəri pislənilir, Azərbaycana qarşı yönəlmiş, cəfəng iddialarla dolu proqramın hazırlanmasının qəbuledilməz olduğunu vurğulanır.
Xatırladaq ki, Ukraynanın "1 + 1" telekanalının jurnalistləri "15 Respublik" verilişinin növbəti buraxılışını hazırlamaq üçün 2014-cü il noyabrın 23-də Xankəndində olublar. Azərbaycan və Ermənistan Respublikalarının hazırkı vəziyyətindən bəhs edən verilişin Xankəndində aparılmış çəkilişlərində Azərbaycana qarşı fikirlər - guya azərbaycanlıların erməniləri amansızcasına öldürməsi, Qarabağdakı erməni kilsələrinin guya azərbaycanlılar tərəfindən dağıdılması kimi cəfəng iddialar səslənib.