Twitter onlayn sosial şəbəkəsi bu gündən etibarən növbəti yeniliyini tətbiq etməyə başlayıb. Məlumata görə, sosial şəbəkə öz twitter hesabında bu haqda video paylaşıb.
Belə ki, bu günün ilk saatlarından etibarən birbaşa mesajlarda (DM - Direct Messages) işarə sayına qoyulan məhdudiyyət tamamilə aradan götürülüb. Əgər əvvəllər mesajlarda simvolların sayı 140-dan artıq ola bilməzdisə, indi sosial şəbəkə istifadəçiləri öz fikirlərini heç bir məhdudiyyət olmadan ifadə edə biləcəklər. Bu yenilik sosial şəbəkəyə həm kompüter, həm də telefon vasitəsilə daxil olan istifadəçilərə aiddir.
Twitter mesajlardakı işarə məhdudiyyətini ləğv edib.
Simvol məhdudiyyətini ləğv etmək üçün istifadəçilər öz iOS və Android cihazlarına twitter-in son yenilənməsini yükləməlidirlər. Əgər yenilənmənin yüklənməsinə baxmayaraq, birbaşa mesajlarda məhdudiyyət hələ də qalıbsa, narahat olmağa dəyməz. Çünki şirkət məhdudiyyətin yüklənmə başa çatandan dərhal sonra götürülməyəcəyini, bunun mərhələli şəkildə bir neçə həftə ərzində mümkün olacağını bildirib.
Twitter bir neçə həftə əvvəl açıqlama verərək birbaşa mesajlarda tətbiq edilən işarə məhdudiyyətini aradan götürəcəyini bildirmişdi. Tarix olaraq isə iyul ayı göstərilmişdi. Amma iyul ayında bu barədə heç bir addım atılmadı. Şirkət də gecikmə haqqında açıqlama verməmişdi./anspress/