Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.
Qazeta.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdikdən sonra, Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.
Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Daha sonra, Azərbaycan və Türkmənistan prezidentləri rəsmi foto çəkdiriblər.
Qazeta.info bildirir ki, Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.