Qətərə qarşı embarqolar tətbiq edən ölkələrdən biri olan Misir prezidenti Əbdülfəttah əl-Sisi Türkiyəyə qarşı qalmaqallı çağırış edib.
Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, Sisi ərəb ölkələrini Türkiyəyə qarşı embarqolar tətbiq etməyə çağırıb.
Onun sözlərinə görə, Türkiyəyə qarşı embarqolar bu ölkənin Qətərə verdiyi dəstək dayandırılana kimi davam etməlidir. Təklifin Bəhreyn kralı Hamad bin İsa Əl-Xəlifə ilə Qahirədə keçirilən görüşdə səsləndirildiyi bildirilir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər üçün bağlı elan ediblər.
İyunun 9-da isə Türkiyə prezidenti Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb. Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.