“Təcili olaraq istiqamətinizi dəyişin!”.
Türkiyə Rusiyaya məxsus “Su-24” tipli hərbi təyyarəyə vurulmadan öncə edilən xəbərdarlığın səs yazısını yayıb.
Qazeta.info Oxu.Az-a istinadla xəbər verir ki, rəsmi Ankara hadisədən sonra yaydığı bəyanatda Rusiya qırıcısına dəfələrlə xəbərdarlıq olunduğunu, buna baxmayaraq “Su-24” təyyarəsinin Türkiyə hava sərhəddini pozmağa cəhd etdiyini bildirib.
Yerli FOX telekanalının əsas xəbər buraxılışında türk pilotun rus həmkarına etdiyi xəbərdarlığın audioyazısı yayımlanıb.
Səs yazısında türk pilotun 5 dəqiqə ərzində 10 dəfə rus pilotuna ingilis dilində, “Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi dəyişin!” - deyə xəbərdarlıq etsə də rus təyyarəsi buna məhəl qoymayıb.
Xatırladaq ki, ötən gün Türkiyə hərbi aviasiyasına aid F-16 qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid “Su-24” qırıcısını vurub.