“Ermənistan və Azərbaycan arasında yerləşən qondarma Dağlıq Qarabağ Respublikası Rusiya və Türkiyə üçün yeni qarşıdurma məkanı ola bilər”.
Məlumata görə, bu barədə Rusiyanın "Kommersant" qəzetində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakı səfəri ilə bağlı dərc olunan məqalədə qeyd edilir.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münaqişənin həllində Ermənistana qarşı təzyiqləri artıracaq. Rusiya və Türkiyə münasibətləri gərgin olduğu bir vaxtda Çavuşoğlu Bakıya səfər edib. Türk nazir səfər zamanı münaqişənin həlli üçün Türkiyənin bacardığı hər şeyi edəcəyini açıqlayıb”, - deyə qəzet yazır.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirir ki, Rusiya və Türkiyə arasındakı gərginlik sadəcə Dağlıq Qarabağ münaqişənin həllini uzadacaq: “Rusiya və Türkiyənin Dağlıq Qarabağda hərbi baxımdan üz-üzə gəlmə ehtimalı yoxdur. Amma bundan sonra Rusiya erməni lobbisinin fəal təsiri altında münaqişənin həllinə əvvəlki qədər maraq göstərməyəcək. Bu dövlətlər arasında mübahisə isə Dağlıq Qarabağ münaqişəsinin həllini uzadacaq.
Qabil Hüseynli - Keçmiş dövlət müşaviri, politoloq
Politoloq həmçinin bildirdi ki, gələn ay nəzərdə tutulan Ermənistan və Azərbaycan prezidentlərin görüşü bu gərgin vəziyyətdə nəticə verməyə bilər: “Amma Rusiya və Türkiyə arasında münasibətlər düzəldikdən sonra Dağlıq Qarabağ problemi ətrafında konkret addımlar atıla bilər. İki dövlət arasında isə soyuq münasibətlər uzun müddət davam etməyəcək”.
Ümumilikdə Rusiya və Türkiyə arasında baş verən son gərginlikdən sonra hər iki ölkə bir – birinə qarşı əllərində olan bütün iqtisadi və siyasi təsirlərdən istifadə etməyə çalışırlar. Hətta Rusiya əlində saxladığı siyasi alət olan “erməni soyqırım” ını Türkiyəyə qarşı istifadə etmək niyyətindədir. Rusiya Dövlət Dumasında “erməni soyqırımı”nı inkar edən şəxslərə cəza verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.
Türkiyə isə Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verməklə Rusiyanın siyasi təsirlərindən sığortalanmaq istəyir. Mövlud Çavuşoğlu bu gün Bakıda keçirdiyi mətbuat konfransında açıq şəkildə Azərbaycanın mövqeyini bir daha dəstəklədiklərini bildirdi.
Dağılıq Qarabağ və ətrafındakı 7 rayon (qara xətlərlə işarələnib)
Rusiya isə yəqin ki, Azərbaycana verilən dəstək fonunda öz forpostunu Türkiyəyə qarşı alət kimi istifadə edəcək. Baş verənlər göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsini uzatmaq üçün yəqin ki, Rusiyanın bütün təkliflərini qəbul edəcək. Rusiyaya məxsus təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra erməni mətbuatında dərc olunan məqalələrə nəzər saldıqda bu gərginliyi Ermənistandan çox istəyən dövlətin olmadığını görəmək olar. Çünki Ermənistan hər dəfə regionda baş verən gərginlikdən istifadə edib, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır.
Rusiya ilə Türkiyə arasında gərginliyə səbəb Rusiyaya məxsus "Su 24" qırıcı təyyarəsinin Suriya-Türkiyə sərhədində vurulması olub. Türkiyə tərəfi təyyarənin ölkənin hava sərhədini pozduğu üçün vurulduğunu bildirsə də Rusiya tərəfi bu pozuntuya yol vermədiyini iddia edir. Hərbi təyyarənin göyərtəsində olan iki pilotdan biri türkmənlər tərəfindən öldürülsə də, digəri canını sağ qurtara bilib.
Rusiya prezidenti Vladimir Putin baş verən hadisəni Rusiyaya arxadan vurulan zərbə adlandırıb. /anspress/