Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 2-də yenidən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olacaq.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, AKP-nin indiki sədri, baş nazir Binəli Yıldırım R.T.Ərdoğanı partiyaya dəvət edəcək.
Məlumata görə, mayın 2-də AKP-nin Mərkəzi İdarə Heyəti partiyanın baş qərargahına toplaşacaq. İclasda Türkiyə prezidentinin hakim partiyaya üzvülüyü məsələsinə baxılacaq.
Qeyd edək ki, AKP-nin fövqəladə qurultayı mayın 21-də keçiriləcək. Konstitusiyaya edilən dəyişikliklərə əsasən, artıq Türkiyə prezidenti siyasi partiyaya üzv ola bilər. Fövqəladə qurultayda R.T.Ərdoğanın yenidən AKP sədri olması məsələsinə baxılacaq.
Xatırladaq ki, R.T.Ərdoğan 2001-ci il avqustun 14-dən 2014-cü il avqustun 27-dək bu partiyanın üzvü olub. O, prezident seçildikdən sonra qanunun tələbi ilə AKP-dən çıxıb.