Türkiyə PKK-nın mövqelərini dağıtdı (VİDEO)
12.08.2015 744 0.0 0

Türk ordusunun son sutka ərzində PKK-ya ağır zərbə endirməsi barədə xəbərlər açıqlanıb. Son hava hücumlarında 17 hədəf yerlə-yeksan edilib və 12 terrorçu öldürülüb. Bütün bunlarla yanaşı, Türkiyə tərəfi də itki verib. Bu itkilər fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatların dayandırılması tələbilə çıxış edənlərə cavab verib.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, Ankara terror qruplaşmaları ilə mübarizəni davam etdirir. Türk Hərbi Hava Qüvvələri son günlər terrorçuların daha çox hədəfə aldığı Şırnaq vilayətində PKK-ya qarşı əməliyyatlar keçirib. 

Qırıcılar və hərbi helikopterlər terror qruplaşmasının mövqelərini bombalayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da terror təşkilatları ilə sonadək mübarizə aparacaqlarını deyib. Ərdoğan qeyd edib ki, atəşkəs yalnız bütün silahların birdəfəlik susdurulmasından sonra mümkün ola bilər.

Hələliksə, PKK silahlı hücumlarını əksiltmir. Bu gün də Diyarbekirin Özerkli kendində terror aktı törədilib. Hərbi hissəni raket atəşinə tutan PKK-cılar 4 əsgəri yaralayıblar, bir hərbçi isə həlak olub. 

Sarıkamış yolunda da türk ordusunun hərbi karvanına hücum edilib.

Yol kənarına yerləşdirilən uzaqdan idarə edilən bomba terrorçular tərəfindən partladılıb. Partlayış nəticəsində ölən olmayıb. 

Partlayışdan bir qədər sonra üzləri maskalı şəxslər avtobus dayanacaqlarına və bankomatlara hücum ediblər.

İğdır vilayətində isə PKK silahlıları yolu kəsərək bir avtomobili yandırıblar. 

Diyarbəkir, Tunceli, İzmir vilayətlərində də müxtəlif zorakılıq faktları qeydə alınıb. Hökumətə qarşı çıxan fəallarla polis arasında qarşıdurmalar yaşanıb./anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar