Türkiyə və Rusiya arasındakı gərginlik hər ötən gün artır.Məlumata görə, Türkiyə xarici işlər naziri Tanju Bilgiç rusiyalı həmkarı Sergey Lavrovun Ankaranın ünvanına səsləndirdiyi çağırışların cavabını verib.
Nazir bildirib ki, Rusiyanın başqalarına insan haqqı dərsi verməsi qara yumor nümunəsidir.
"Demokratik və nə qədər hüquqi dövlət olması, insan haqları çox yaxşı bilinən, beynəlxalq hüququ açıq şəkildə pozaraq Ukrayna və Gürcüstan kimi qonşu ölkələrdə birbaşa və ya hibrit müharibə yolu ilə etdikləri bütün dünyada etiraza səbəb olan, Suriyada əli qanlı diktatorun insanlığa qarşı işlətdiyi cinayətlərə hər cür siyasi və hərbi dəstək verən, son olaraq yüzlərlə dinc sakinin ölümünə səbəb olan bombardmanları həyata keçirən bir ölkənin başqalarına insan haqqı dərsi verməyə çalışması sadəcə qara yumor nümunəsidir", deyə Tanju Bilgiçin yazılı açıqlamasında bildirilir.
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, rəsmi Moskva Türkiyənin cənub-şərqində yaranmış son vəziyyətdən xeyli narahatdır və Ankaranı kürt problemini sadəcə siyasi yollarla həll etməyə çağırır.
Dünən isə Sergey Lavrov Türkiyə Silahlı Qüvvələrinin İraqın Başika bölgəsinə əlavə hərbi qüvvə göndərməsinə münasibət bildirərkən bir az da irəli gedərək Ankarının ünvanına təhqir dolu ifadələr işlədib.
Lavrov bildirib ki, Türkiyə İraqa hərbçilərini göndərməklə həyasızca addım atıb.
Dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölədəki 80-90 türk əsgəri sayı 138-ə çatdırılıb.
Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb. Ərdoğan bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.
“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib./anspress/