Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali Denizcilik” şirkətinə aid gəminin Türkiyədə saxlanılması barədə yayılmış xəbərlər doğru deyil.
Məlumata görə, Türkiyənin dənizçilik xəbərləri üzrə ixtisaslaşmış “Kaptan Haber" portalı bildirir ki, “Palmali Denizcilik” şirkətinə məxsus və Rusiya bayrağı altında üzən “Azeri Karabakh” tankeri Türkiyənin Aliağa limanında sadəcə dövlət nəzarətindən keçirilib. İlkin yoxlamalar zamanı gəmidə bəzi nöqsanların olmasından şübhələnilsə də, təkrar yoxlama hər şeyin qaydada olduğunu ortaya çıxarıb.
“Azeri Karabakh” tankeri Türkiyənin Aliağa limanında
Gəminin limanda saxlanması Türkiyənin və Azərbaycanın bəzi mətbu orqanları tərəfindən yanlış anlaşılıb. KİV-lər Rusiya bayraqlı gəminin saxlandığını iddia ediblər.
Amma Türkiyə nəqliyyat, dənizçilik və rabitə nazirliyindən “Kaptan Haber” agentliyinə bildiriblər ki, bu cür xəbərlər əsassızdır. Nazirliyin məlumatına görə, ümumiyyətlə, Türkiyədə Rusiya bayrağı altında üzən gəmilərə qarşı hər hansı bir sanksiya barədə təlimat verilməyib.
2005-ci ildə inşa edilmiş “Azeri Karabakh” tankeri kimya məhsulları daşımaq üzrə ixtisaslaşıb. Dedveyti 6,5 min ton olan tanker hazırda Yunanıstanın Pire limanı yaxınlarında öz hərəkətini davam etdirir. Tanker Türkiyənin “Petkim” neft-kimya kompleksindən yola çıxıb.
Azərbaycanda doğulmuş türkiyəli iş adamı Mübariz Mənsimov "Palmali" Şirkətlər Qrupunun sahibi, "Xəzər-Lənkəran" futbol klubunun fəxri prezidentidir. 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir.
Mübariz Mənsimov - Azərbaycanda doğulmuş türkiyəli iş adamı
Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür./anspress/