Türkiyə İŞİD-lə müharibəyə sürüklənir (FOTO)
21.07.2015 680 0.0 0

"Türkiyədə baş vermiş terror hadisəsinin ciddi beynəlxalq reaksiya doğurması başa düşüləndir. Bu, müharibənin Türkiyə ərazisinə keçirilməsinin ilk siqnalıdır”. Məlumata görə, bu barədə millət vəkili Fazil Mustafa Türkiyənin Urfa vilayətinin Suruç qəsəbəsində dünən baş vermiş terror hadisəsini şərh edərkən bildirib. 

“İndiyə kimi Türkiyədə İŞİD-in adına bağlanan belə iri miqyaslı və açıq həyata keçirilmiş terror hadisəsi olmamışdı. İlkin versiyaya görə, İŞİD Kobaniyə yardıma getmək istəyən kürd gəncləri partladıb. Amma real nəticə odur ki, Suriya müharibəsi ilk dəfə olaraq Türkiyə ərazisinə keçib. Dünyanı narahat edən isə bu məsələdir”,- deyə millət vəkili vurğulayır. 

 

 


Fazil Mustafa - millət vəkili

 

 

Terror hadisəsinin dünyanı narahat etməsinin digər səbəbi partlayışın mətbuat konfransı zamanı baş verməsi ilə bağlıdır. ABŞ güclərinin dəstəyi ilə İŞİD-dən alınaraq PKK-nın Suriya qolu PYD-nin nəzarətinə verilmiş Kobani şəhərinə yardım aparmaq istəyən kürd gənclər iyulun 20-də Suruçda mətbuat konfransı keçirmək istəyib. Sosialist Gənclik Dərnəkləri Federasiyasının təmsilçisi saat 11.50-də “Kobaninin yenidən tikilməsi” mövzusunda 300 nəfərin qarşısında çıxış edən zaman partalyış baş verib. Kamera görüntüləri partlayışı 18 yaşlı kamikadze qız özünü partladıb. Nəticədə, 31 nəfər həlak olub, 104 nəfər yaralanıb.

 

 


Suruçda mətbuat konfransı - partlayışdan əvvəl 


Hadisəyə Türkiyənin bütün siyasi partiyaları, hətta sol cəbhəyə qarşı barışmaz mövqe tutan Milliyyətçi Hərəkat Partiyası (MHP) belə sərt reaksiya göstərib: “Kim olursa olsun, nəyə inanırsa inansın, hansı bəhanəyə sığınırsa sığınsın insan həyatına qəsd edən caniləri və terrorçuları müzakirəsiz, ammasız və önşərtsiz lənətləyirəm”,- deyə MHP lideri Dövlət Bahçeli bildirib.

 


Dövlət Bahçeli - MHP lideri 


Hadisəyə beynəlxalq reaksiya isə daha sərt olub. Dünya mətbuatı Türkiyəni İŞİD-ə qarşı mülayim davranmaqda günahlandırıb. ABŞ-ın keçmiş dövlət katibi Hillar Klintonun sözləri yada salınıb: “Öz evinin arxa bağçasında ilan saxlayıb düşünmək olmaz ki, o, yalnız qonşuları vuracaq”. 

 


Beləliklə, Türkiyə çətin seçim qarşısında qalıb. Suriyada bir-biri ilə vuruşan hər iki qüvvə Türkiyə üçün arzuolunmazdır. ƏgərTürkiyə İŞİD-i məhv edərsə, onun yerini türklərə daha qatı düşmən olan qüvvə - PKK-nın Suriya qanadı olan PYD tutacaq. Həm də İŞİD-lə müharibə Suriya ərazisində olmalıdır ki, bu, həm də rəsmi Dəməşqin ciddi etirazına səbəb olacaq. 
“Türkiyə qərar verməlidir. Əgər İŞİD-lə təkbaşına mübarizəyə başlayarsa, bu, böyük qurbanlar tələb edəcək, müharibənin istər-istəməz Türkiyə ərazisinə keçirilməsi olacaq. Əgər bu mübarizə ABŞ-ın rəhbərlik etdiyi koalisiya çərçivəsində aparılarsa, itkilər daha az ola bilər. Ankara vəziyyəti diqqətlə öyrənib ən doğru qərar verməlidir”,- deyə Fazil Mustafa vurğulayır. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar