Türkiyə Ermənistanla sərhəddə nəzarəti gücləndirib.
İHA-ya istinadən xəbər verilir ki, Türkiyə ilə Ermənistan arasındakı Qars sərhəd xətti kameralarla 24 saat hərbçilər tərəfindən izlənilir, sərhədin pozulması hallarına anındaca müdaxilə edilir.
Türkiyə ordusunun əsgərləri 15 dərəcə şaxtada 24 saat öz vəzifəsini yerinə yetirir.
“Sərhəd qartalları” (“Hudut Kartalları”) soyuq hava şəraitində belə sərhəd bölgəsinə nəzarət edir. Türkiyə-Ermənistan sərhədinə quraşdırılan termal kameralar vasitəsilə sərhədi pozanlara dərhal müdaxilə edilir.
Şəhid Piyada Onbaşı Mustafa Koçak sərhəd məntəqəsinin əsgərləri hər gün 10 kilometrlik ərazidə xidmət edirlər. Sərhədçilərin bir qismi əraziyə nəzarət edərkən, digərləri barmaqları tətikdə müşahidə qülləsində keşik çəkirlər.
Məlumata görə, Türkiyə ordusunun əsgərləri “dosta güvən, düşmənə gözdağı verir”. Əsgər xidməti vəzifəsini yerinə yetirərkən Türkiyənin bir vətəndaşının qadağan edilən bölgəyə girməsi müəyyənləşib. Həmin əraziyə dərhal zirehli maşın və hərbçilər cəlb edilib. Hadisə sərhəd məntəqəsindən komandir tərəfindən dəqiqəbədəqiqə izlənib, ərazidəki kəndli bölgədən uzaqlaşdırılıb. Bölgə qarış-qarış nəzərdən keçirildikdən sonra əməliyyat uğurla başa çatıb və hərbçilər sərhəd məntəqəsinə geri qayıdıblar.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı terrorçu PKK üzvlərinin Türkiyə sərhədini pozaraq bu ölkə ərazisinə keçdikləri barədə məlumat yaymışdı. Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədini Rusiya ordusu qoruyur./Report/