Bu gün Türkiyə hərbi hava qüvvələrinin qırıcılarının daha bir Rusiya təyyarəsini vurduğu barədə xəbərlər yayılıb.
Məlumata görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər yayıb.
Telekanalın verdiyi xəbərə görə, Rusiya təyyarəsi Türkiyə sərhədində vurulub. Yayılan xəbərlə bağlı Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama verib. Müdafiə Nazirliyi bu xəbərin həqiqətə uyğun olmadığını bildirərək Rusiyaya məxsus təyyarənin vurulması barədə məlumatı təkzib edib.
İqor Konaşenkov
Müdafiə Nazirliyi bu xəbəri "cəfəngiyat" adlandırıb. "Suriyada terrorçuların obyektlərinin məhv edilməsi üzrə məsələləri həll edən bütün Rusiya təyyarələri sağ-salamat aviabazaya qayıdıblar", - deyə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov jurnalistlərə bildirib. Türkiyə rəsmiləri bu barədə heç bir açıqlama verməyib.
Keçən il noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhədində Rusiyanın SU-24 hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu bildirilir. 5 dəqiqə içində 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq SU-24 bunlara məhəl verməyib. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Təyyarə vurulan ərazi
Bir müddət əvvəl oktyabr ayında da Rusiya döyüş təyyarələri Türk hava sahəsini pozmuşdu. Həmin vaxt Rusiya rəsmiləri üzr istəyərək bir daha belə halların təkrarlanmayacağını bildirmişdi. Rusiya tərəfi pilotlardan birinin paraşütlə atılan zaman güllələndiyini təsdiq edib. İkinci pilot isə artıq ruslar tərəfindən tapılaraq hərbi bazaya gətirilib./anspress/