Türkiyədən ildırımsürətli əməliyyat: Putin «yox» demədi…
31.08.2016 1442 0.0 0

ABŞ-ın “Vol Strit Jurnal” qəzeti Türkiyənin reallaşdırdığı Cerablus əməliyyatı ilə bağlı sensassiyaslı məlumat dərc edib.

 

Məlumata görə, qəzet rəsmi Ankaranın Vaşinqtona xəbər vermədən əməliyyata başladığını iddia edib:

 

“Ankara Vaşinqton rəsmilərinə öncədən xəbər vermədən birtərəfli qaydada tətiyi çəkdi. Ancaq bu vaxt Ağ Evdə ABŞ xüsusi təyinatlılarının Suriyada əməliyyata qoşulması istiqamətində gizli plan hazırlanırdı. Plana görə, kürdlər ixtilaf bölgəsindən asanlıqla çıxarılacaqdı. Ancaq Türkiyənin xəbərsiz addımı bütün planları boşa çıxardı.

 

Ərdoğan 2 min əsgər göndərəcəkdi…

 

ABŞ-la Türkiyənin Suriya sərhədində ortaq əməliyyata başlaması hələ 2015-ci ildə planlaşdırılıb. Həmin vaxt Türkiyə 2 min əsgər göndərəcəyini demişdi. Hətta Ərdoğan 2015-ci ilin iyununda bu planı generalları ilə müzakirə də etmişdi. Türklər bu əməliyyatdan o qədər əmin idi ki, hərbi qərarı elan edən bildirişlər belə hazırlanmışdı.

 

Ağ Ev istəmədi

 

Ankara əməliyyatlarda ABŞ Quru Qoşunlarının iştirakını tələb edirdi. Ancaq ABŞ rəsmiləri buna o qədər də isti baxmırdı. Nəhayət, ABŞ və Türkiyə qeyri-suriyalı qoşundan istifadə etmək əvəzinə sərhəddəki təxminən 37 kilometrlik bir ərazini təmizləmək üçün minlərlə suriyalı üsyançıya hava və artilleriya dəstəyi vermək barədə razılığa gəldi.

 

Türkiyə Əhrar əş-Şamı istədi, ABŞ vermədi

 

Türkiyə quru əməliyyatında iştirak edəcək müxalif silahlı birləşmələrin siyahısını hazırlayıb ABŞ-a verdi. ABŞ kəşfiyyatı da öz növbəsində bu qruplaşmalarda yer alan şəxslərin terror təşkilatları ilə əlaqəsini araşdırmağa başladı. Türkiyənin əməliyyatlarda iştirakını israrla tələb etdiyi ən böyük təşkilat Əhrar əş-Şam idi. Lakin ABŞ bu təşkilatın “həddindən artıq radikal” olduğunu əsas gətirərək Ankaranın istəyini rədd etdi.

 

Ötən il reallaşmadı

 

Ötən ilin yazında ABŞ-Türkiyə müzakirələrində həm Pentaqon rəhbərləri, həm də türk generallarını narahat edən əsas məsələ Türkiyənin hazırlanan əməliyyatı idarə edəcək qədər üsyançını mobilizə edib-etməyəcəyi barədə yaranan suallar idi.

 

***

 

Rusiya ötən il müttəfiqi Bəşər Əsədin müdafiəsinə qalxanda, xüsusilə Su-24 böhranından sonra plan təxirə salındı. Bu vaxt Türkiyənin dəstəklədiyi müxalifət hər yerdən əli üzülmüş halda Əsədin Hələbdəki təzyiqinə tab gətirməklə məşğul idi.

 

Detallar bu qışda danışıldı

 

Cerablus əməliyyatı ilə bağlı danışıqlar bu ilin qış aylarında elan olunan qısa müddətli atəşkəs dövründə yenidən gündəmə gəldi. Yüksək səviyyəli bir Türkiyə rəsmisi martda 1800 üsyançının adını Vaşinqtona təqdim etdi.

 

***

 

15 iyul çevrilişinə cəhddən sonra iki ölkə arasında münasibətlər gərginləşsə də, hər iki tərəfdən yüksək səviyyəli hərbçilər bunun İŞİD-ə qarşı əməkdaşlığa zərər vurmasını istəmədiklərini açıqlamışdılar.

 

Putin bilirdi, zəmanət də verdi

 

Ərdoğan avqustun 9-da rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Türkiyədən yüksək rütbəli hərbçilərin iştirakı ilə nümayəndə heyəti əməliyyatı müzakirə etmək üçün Suriyaya getdi. Ruslar türklərə sərhədi keçəcəkləri təqdirdə Moskvanın Ankaranı hədəf almayacağı barədə zəmanət də verdi.

 

Menbic döyüşləri sürətləndirdi

 

ABŞ xüsusi təyinatlılarının dəstəklədiyi kürd qüvvələr avqustun 13-də Menbici İŞİD-dən aldı. Bu da Türkiyənin sürətli hərəkətə keçməsi ilə nəticələndi. Həmin vaxt bəzi kürd birliklərin Türkiyə sərhədinə doğru irəliləməsi Ankara və Vaşinqtonda həyəcan siqnalına səbəb oldu. Ancaq Türkiyə kürdlərin Menbic əməliyyatına bir şərtlə icazə vermişdi: PYD İŞİD-i bölgədən qovduqdan sonra Fəratın şərqinə çəkiləcəkdi…

 

17 avqustda çağırış başladı

 

17 avqustda Türkiyə əməliyyatda iştirak edəcək suriyalı silahlıları toplamağa başladı. Eyni zamanda türk ordusu sərhədə ağır artilleriya cəmləyirdi. Bu ərəfələrdə bəzi kürd qüvvələr Menbic ətrafında yeni ərazilər almağa davam edirdilər. Hətta bəziləri sonrakı hədəfin Cerablus olduğunu açıq-aşkar dilə gətirirdi.

 

İŞİD-in avqustun 20-də Qazinatepdə reallaşdırdığı terror hücumu əməliyyatın başlamasına səbəb oldu.

 

Suriyalı silahlılar tam hazır vəziyyətə gətirildi, ölkədəki ABŞ hərbçiləri məlumatlandırıldı. Cerablus əməliyyatında ABŞ xüsusi təyinatlılarının da iştirakı növbəti dəfə istənildi. ABŞ əsgərləri hava hücumlarını və meydandakı üsyançları idarə edəcəkdi.

 

Pentaqon Ağ Ev ilə razılaşmadı

 

Pentaqon ən azı 40 ABŞ hərbçisinin iştirakını nəzərədə tutan planı təsdiq etdi. Ötən həftənin əvvəlində Ağ Evdə təqdim olunan əməliyyat haqqında müzakirələr başlandı.

 

Pentaqon daha sürətli bir cavab istəyirdi. ABŞ əsgərlərini Suriyada başqa bir cəbhədə döyüşə göndərməyə təmkinlə yanaşan Ağ Ev isə bəzi suallara cavab axtarırdı. Ağ Evi narahat edən birinci dərəcəli məsələ bölgədə Əl Qaidə döyüşçülərinin olduğu halda ABŞ xüsusi təyinatlılarının təhlükəsizliyi idi.

 

Ağ Ev bu suallar haqda düşünərkən Pentaqon Ankaradan vaxt istəyirdi. Bu arada amerikalılar türk ordusunun əməliyyata hazırlaşdığı bölgədə kürdlərin dislokasiyası ilə məşğul idi.

 

Plan Obamanın stoluna çatmadı…

 

23 avqustda, axşam saatlarında Ağ Ev Pentaqona xüsusi təyinatlıların əməliyyatda iştirakını müzakirə etmək üçün ertəsi gün toplantı keçiriləcəyi barədə məlumat verdi.

 

Ancaq Türkiyə 04:00-də Vaşinqtona xəbər vermədən hərbi əməliyyata başladı. Bununla da əməliyyat planı Obamanın stoluna çatmadan reallaşdı.

 

Türkiyə ictimaiyyətə ABŞ ilə müttəfiq olduğunu göstərməyə çalışırdı.

 

Bölgədəki ABŞ hərbçiləri əməliyyatın başladığını eşitdikdən sonra Mərkəz Qvvələr Komandiri Co Votel Türkiyəyə pilotsuz uçan aparatlar, F-16-lar və F-10-larla hava dəstəyi verməyə başladı.

 

ABŞ xüsusi təyinatlıları da cəbhədə yer almaq əvəzinə Türkiyə torpaqlarından ABŞ hava hücumlarını idarə etməyə başladı.

 

ABŞ elə bilirdi ki…

 

ABŞ rəsmiləri Cerablus əməliyyatının həftələr, bəlkə də aylarla davam edəcəyi qənaətində idi. Onlar İŞİD-in müvqavimət göstərmədən geri çəkilməsini gözləmirdi… Ancaq indi ABŞ-ı narahat edən əsas məsələ Türkiyənin Suriyada ilişib qalma qorxusudur”./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar