Ötən gün Türkiyədə 2 hərbçinin və 1 polis əməkdaşının şəhid olması ilə nəticələnən terror hadisələri baş verib. Türkiyə mətbuatına istinadən verilən məlumata görə, ilk hadisə Ərzurum vilayətində PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı baş verib. Ərzurumun Şenkaya rayonu ilə Ərdaxanın Göle rayonlarının sərhəddində PKK terrorçuları ilə hərbçilər arasında atışma baş verib. Atışmanın ilk anında Türkiyə Silahlı Qüvvələrinin (TSK) mənsubu olan 2 əsgər şəhid olub.
Bundan sonra hadisə yerinə çox sayda xüsusi təyinatlı jandarm qüvvələri cəlb olunub. Ərazidə aparılan uğurlu əməliyyat nəticəsində 6 terrorçu məhv edilib, 5 PKK mənsubu isə sağ ələ keçirilib. Bundan başqa hərbçilər hadisə yerindən iri çaplı silahlar, əl qumbaraları və terror qruplaşmasına aid sənədlər aşkarlayaraq götürüblər.
Şəhid olan iki hərbçinin nəəşi isə Ərzurum hərbi aviasiyasına aid hərbi bazada keçirilən hərbi mərasimdən sonra ailələrinə göndəriləcək.
Növbəti terror hadisəsi isə gecə saatlarında Diyarbəkirdə baş verib. Vilayətin Ergani rayonunda PKK terrorçularının polis avtomobilinə hücum etməsi ilə tərəflər arasında atışma baş verib. İnsident zamanı polis əməkdaşlarından biri yaralanıb. Digər polislərin yardımı ilə xəstəxanaya çatdırılan yaralı polisin həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanaya çatdırılan polisin həyatını xilas etmək mümkün olmayıb
Hadisə yerinə çox sayda hərbçi cəlb olunub və terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir.
Daha bir terror hadisəsi isə ötən axşam Adana vilayətində baş verib. PKK terrorçularının toya silahlı hücum etməsi nəticəsində sintezator ifaçısı ölüb. /anspress/