Türkiyə Banqladeşdə “Cemaati İslami” təşkilatının lideri, 73 yaşlı Motiur Rahman Nizaminin edam olunmasına sərt etirazını bildirib.
“Hürriyet”ə istinadən verilən xəbərə görə, Türkiyə Banqladeşdəki səfiri Devrim Öztürkü məsləhətləşmələr üçün geri çağırıb. D. Öztürk Ankaraya qayıtdıqdan sonra prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Səfirin Türkiyədə nə qədər qalacağı bəlli deyil.
Türkiyə XİN-in açıqlamasında Banqladeşdə daha əvvəl sənaye və kənd təsərrüfatı naziri vəzifəsində çalışmış Rahman Nizaminin belə bir cəzaya layiq olmadığı bildirilib: “Edamı şiddətlə qınayır, mərhuma Allahdan rəhmət diləyirik. Banqladeşdə edam cəzalarının təxirə salınması üçün bu ölkə rəhbərliyinə dəfələrlə yüksək səviyyələrdə çağırış etmiş, cəzaların həyata keçirilməsinin toplumda yeni gərginliklərə yol açacağı ilə bağlı narahatlığımızı bildirmişdik. Edam cəzasını ləğv etmiş bir ölkə olaraq keçmişin yaralarının bu üsullarla sarılmasının mümkün olmadığını və bunun banqladeşli qardaşlarımız arasında kin və nifrəti körükləyəcəyini hesab edirik”.
Qeyd edək ki, Banqladeşin ən böyük islam partiyasının lideri olan Motuir Rahman Nizami 1971-ci ildə müstəqillik mübarizəsi sırasında Pakistanla əməkdaşlığa gedərək soyqırım və hərbi cinayətlər törətməkdə ittiham olunurdu. Üç ayrı cinayətdə suçlanan Nizaminin 480 nəfərin ölümündə rol oynadığı bildirilib. O, xüsusi məhkəmədə mühakimə olunaraq edama məhkum edilib. Xatırladaq ki, 1971-ci ildə Pakistanın şərqi və qərbi arasında başlayan vətəndaş müharibəsi ölkənin parçalanması və Banqladeş dövlətinin qurulması ilə nəticələnib. /apa/