Türkiyə - ABŞ qarşıdurmasında Azərbaycanın yeri
10.02.2016 587 0.0 0

ABŞ Türkiyə ilə münasibətlərinin kəskinləşməsinə səbəb olmuş PYD (Demokratik Birlik Partiyası) açıqlamasından geri çəkilməyib. 

Məlumata görə, Dövlət Departamentinin sözçüsü Con Kirbi ABŞ-ın Ankaradakı səfiri Con Bassın izahat üçün Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılmasını şərh edərkən bir daha PYD-ni terror təşkilatı saymadıqlarını deyib: “Bu məsələdəki siyasətimizdə heç bir dəyişiklik yoxdur”. 

Con Kirbi açıqlaması zamanı bir daha PKK ilə PYD arasında fərq qoyduqlarını bir daha dilə gətirib və PKK-nı terror təşkilatı olaraq gördüklərini dilə gətirib: "PKK-nın Türkiyə vətəndaşlarına qarşı terror hücumlarının kökünün kəsilməsin istəyirik və bunu son dərəcə açıq bəyin edirik".

 

Con Kirbi - ABŞ Dövlət Departamentinin sözçüsü

 

Türkiyəni narahat edən məsələ ABŞ-ın Əsədə qarşı mübarizədə PYD-ni tərəfdaş kimi seçməsidir. Con Kirbi də bir gün öncə verdiyi açıqlamada PYD-ni terrorçu hesab etmədiklərini və onların İŞİD-ə qarşı apardığı mübarizəni “effektiv” saydıqlarını bəyan etmişdi. 

Əslində Türkiyə və ABŞ münasibətlərində gərginlik bir qrup amerikalı təlimçinin Suriya kürdlərinin hazırlıq səviyyəsini yüksəltmək üçün Kobaniyə yollanmasından sonra yaranıb. Bu, prezident Ərdoğanın “ya Türkiyə, ya kürdlər” deyə ABŞ əleyhinə bəyanat verməsinə səbəb olmuşdu. Kirbinin bəyanatı bu gərginliyi zirvəyə qaldırdı. 

Bunun nəticəsidir ki, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğana yaxın telekanallar artıq ABŞ-ı islam dünyasının birinci düşməni elan ediblər. Ərdoğana yaxın telekanallarda dünən axşamdan başlayaraq əsas tənqid hədəfi kimi “İran - ABŞ - İsrail şər üçbucağından”, sələfi - Türkiyə qardaşlığının vacibliyindən danışılır, Türkiyənin bu mübarizədə əsas tərəfdaşının Səudiyyə Ərəbistanı olağacı vurğulanır.

Bu, Türkiyə - Rusiya münasibətlərinin ən gərgin olduğu bir dönəmdə baş verir. Beləliklə, Türkiyə həm dünyanın iki supergücü ABŞ və Rusiya, həm də regional güc İran ilə eyni zamanda qarşıdurma siyasəti yürüdür. Təbii ki, əsas tərəfdaşı Türkiyənin bu cür gərgin beynəlxalq münaqişəyə girməsi Azərbaycanı da qalmaqala itələyə bilər. Türkiyənin bu yeni düşmənlərinin hər üçü Azərbaycanla sıx əlaqələrə malikdir və bu münasibətlərin korlanması rəsmi Bakı üçün arzuolunmazdır.

 

Qabil Hüseynli - Azərbaycan prezidentinin sabiq müşaviri 

 

Azərbaycan prezidentinin sabiq müşaviri, politoloq Qabil Hüseynli rəsmi Bakının bu münaqişədən uzaq durmasını daha əlverişli sayır: “Azərbaycan öz balanslı siyasətini davam etdirməlidir. Biz gənc dövlətik və öz maraqlarımıza uyğun hərəkət etməliyik”. 

Qabil Hüseynli Türkiyənin ABŞ məsələsində ifrata vardığını vurğulayır: “Türkiyənin ABŞ əleyhinə çıxması yanlışdır. Türkiyə bu yanlışı artıq ikinci dəfədir ki, təkrar edir. Əvvəl Rusiya ilə həddindən yaxınlaşdı və bu, ABŞ-la münasibətləri pisləşdirdi. İndi də Suriyada Rusiyanın müdaxiləsi nəticəsində yaranmış uğursuzluqlarda əsas günahkar kimi ABŞ-ı seçiblər”. 

Əslində, Ankara özü də indi bir saylı düşməni saydığı PYD ilə bir neçə ay öncə tərəfdaşlıq danışıqları aparırdı. 2015-ci ilin iyun ayında Ankaraya səfər etmiş PYD lideri Saleh Müslim Türkiyə rəhbərliyinə bir neçə məsələ üzrə söz vermişdi. Razılaşmalara İŞİD-ə və Əsəd rejiminə qarşı birgə mübarizə məsələsi daxil idi. Həmçinin PYD Türkiyə daxilində terror əməliyyatları törədən PKK-ay dəstəyi dayanmalı idi. 

 

Saleh Müslim - PYD lideri 


“İlk başlar PYD bu razılaşmaya əməl edirdi. Amma sonrada Rusiya məsələyə müdaxilə elədi və vəziyyət dəyişdi. PYD Rusiyanın dəstəyi ilə 40-a yaxın türkmən kəndini ələ keçirdi. Həmçinin ABŞ-dan İŞİD-lə mübarizə üçün aldığı silahların bir qismini PKK-ya ötürdü. İŞİD-ə qarşı mübarizədə isə ciddi bir fəallıq göstərmədi”,- deyə Qabil Hüseynli Ankaranın 6 ay əvvəl PYD ilə bağladığı tərəfdaşlıq razılaşmasının nəticələrindən bəhs edib. 

 

Suriyaya nəzarət edən güclər

 

Qabil Hüseynli ABŞ-ın PYD ilə əməkdaşlığının elə ciddi təhlükəsi olmadığın bildirir: “Türkiyə Suriyanın parçalanmasındna və mərkəzi Kobani olan kürd dövlətinin yaranmasından ehtiyat edir. Amma İraq təcrübəsi göstərir ki, qərb, xüsusilə də ABŞ Yaxın Şərqdə sərhədlərin dəyişməsinə tərəfdar deyil. Kürdlərin hansısa müxtariyyəti ola bilər, amma bu, Suriya daxilində olacaq. Yəni bölgədə yeni dövlətlər yaranmayacaq”. 

Əslində, Yaxın Şərqdə sərhədlərin dəyişməməsi prinsipinə riayət edilməsi Qarabağ münaqişəsi baxımından Azərbaycanın da maraqlarına uyğun məsələdir. Yəni Azərbaycan daima çalışmalıdır ki, beynəlxalq münaqişələrin həllində ərazi bütövlüyünü əsas götürən Helsinki xartiyasının şərtlərinə əməl edilsin. Buna görə də rəsmi Bakı ABŞ-la Türkiyə arasında yeni yaranan bu qarşıdurmaya fəal qarışmasa da, lazımi məqamlarda sərhədlərin toxunmazlığı prinsipini müdafiə edən Türkiyənin səsinə səs verməlidir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar