Türkiyə bu ilin səkkiz ayı ərzində İraq 5,5 milyard dollarlıq mal ixrac edib. APA TV-nin məlumatına görə, ixrac olunan malların 60 faizi Bərzaninin nəzarətində olan bölgələrə göndərilib.
Ötən il isə Türkiyədən Bərzani bölgəsinə 4,3 milyard dollarlıq mal ixrac olunub. Türkiyədən İraqa ixrac olunan məhsulların 20 faizini qida, 11 faizini qızıl-zinət əşyaları, 11 faizini kimya məhsulları, 8 faizini isə geyim təşkil edir.
Habur sərhəd-keçid məntəqəsinin bağlanması ilə türk şirkətlərinin İraqa ixracatının ümumi həcmi azala bilər. Hələlik sərhəd-keçid məntəqəsi fəaliyyətini davam etdirir, İraqdan Türkiyəyə gələnlər ciddi təhlükəsizlik yoxlamasından keçirilir. “Türkiyə Hava Yolları” şirkəti də Ərbilə uçuşların təxirə salınmadığını bəyan edib.
Türkiyənin Bərzani bölgəsindən neft idxalını dayandırdığı barədə də məlumat yoxdur. Prezident Ərdoğan idxalın dayandırılacağını bəyan edib. İraqın 130 milyard barel neft ehtiyatı var, bunun 22 faizi Bərzani bölgəsinin payına düşür. İraqın şimalında hər gün 600 min barel neft hasil edilir, bu neft Türkiyədən keçərək dünya bazarına çıxarılır. Ankara öz ərazisindən neft daşımalarının dayandırılması barədə qərar qəbul etsə, Bərzaninin neft satmaq üçün alternativ imkanı yoxdur.
Qeyd edək ki, dünən İraqın şimalında keçirilən “referendum”un ilkin nəticələri açıqlanıb. “Referendum”da iştirak edən 282 min seçicinin 93 faizi bölgənin müstəqilliyinə səs verib. Rəsmi Bağdad və ABŞ, Türkiyə, İran da daxil olmaqla heç bir dövlət referendumun nəticələrini tanımayıb və keçirilən səsvermənin hüquqi əsası olmadığını bəyan edib.