Avstraliyada 17 dekabr 1980-ci ildə Türkiyənin Sidneydəki Baş konsulu Şarık Arıyak və təhlükəsizlik attaşesi Engin Sevəri şəhid edən iki qətl şübhəlisinin robot rəsmləri yayımlanıb.
“Milliyyet” xəbər verir ki, Avstraliya diplomatlar Arıyak və Sevərin öldürülməsi ilə bağlı işi yenidən qaldırdıqdan sonra hadisə şahidlərinin ifadələri əsasında robot rəsmləri hazırlanıb.
Qətldə şübhəli bilinən terrorçular kompüter vasitəsilə yaşlandırılıb və 60 yaşlarındakı təxmini görüntü əldə olunub.
Hüquq-mühafizə orqanları sözügedən şəxsləri görənlər və ya tanıyanların polisə müraciət etməsini istəyib.
Xatırladaq ki, Türkiyənin Sidneydəki Baş konsulu Şarık Arıyak 17 dekabr 1980-ci ildə səhər saatlarında işə getmək üçün attaşe Engin Sevərlə birlikdə Baş konsulluğa məxsus iqamətgahdan çıxarkən həyat yoldaşı və qızının gözləri qarşısında iki erməni terrorçu tərəfindən qətlə yetirilib./oxu.az/