Turistlərə hücum edən üç yaraqlı tutulub
19.03.2015 758 0.0 0

Tunisin paytaxtındakı “Bardo” muzeyində törədilən terror aktı nəticəsində ağır yaralananlardan birinin həyatını itirməsi ilə ölənlərin sayı 20 nəfərə çatıb. Bu barədə martın 19-da Fransanın BFM-TV telekanalının efirində Tunisin xarici işlər naziri Tayeb Bakkuş məlumat verib.

TASS informasiya agentliyinə istinadla verilən xəbərə görə, hücum edənlərdən üçünün artıq saxlanıldığını deyən Tayeb Bakkuş dördüncü basqınçının axtarışının davam etdiyini bildirib.

Bir qədər isə əvvəl girovların azad edilməsi üçün aparılan xüsusi əməliyyat zamanı iki basqınçının öldürüldüyü barədə məlumat yayılmışdı. İlkin versiyaya görə, terror aktı “Məğrib ölkələrindəki Əl-Qaidə”yə bağlı “Okba ibn Nafaa” qruplaşmasının yaraqlıları tərəfindən həyata keçirilib.

Hadisə ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət müəssisələri, diplomatik nümayəndəliklər, mülki obyektlər, xüsusən turizm infrastrukturu ciddi nəzarətə götürülüb.

Qeyd edək ki, martın 18-də Tunisdə avtomobillə parlament binasının yaxınlığındakı “Bardo” muzeyinin ərazisinə daxil olaraq avtobuslardan düşən turistlərə atəş açan hərbi geyimli iki silahlı şəxs bundan sonra sağ qalanları binanın içərisinə doldurublar.

Həlak olanlar və yaralananlar arasında Cənubi Afrika Respublikası, Polşa, İtaliya, Almaniya, İspaniya, Fransa, Yaponiya və digər xarici ölkə vətəndaşlarının olduğu bildirilir./azertag.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar