Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən Hərbi Hava Qüvvələrinin keçirdiyi "TurAz Şahini 2015" birgə təlimləri yekunlaşıb.
Qazeta.info bildirir ki, təlimlərdə 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum, İl-76 hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, eləcə də 104 nəfərlik heyət iştirak edib.
Təlimlər 3 istiqamətdə planlaşdırılıb və icra edilib.
Birinci istiqamətdə, qırıcı aviasiyanın Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, Türkiyə Hərbi Hava Qüvvələrindən isə F-16 təyyarələri döyüş uçuşları ediblər.
Azərbaycan Respublikasının pilotları F-16, Türkiyə Respublikasının pilotları isə MiQ-29 təyyarələrində uçuşlar edərək şərti yaxın hava döyüşlərini keçiriblər.
Azərbaycan Respublikasının pilotu polkovnik-leytenant Xəlil Yusubov MiQ-29 təyyarəsinin taktiki-texniki xüsusiyyətlərindən tam istifadə etməklə, yüksək peşəkarlıq göstərərək şərti hava döyüşündə 2 ədəd F-16 təyyarəsi üzərində üstünlüyə nail olub.
İkinci istiqamətdə, hücum aviasiyasından Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 tipli təyyarələri, Türkiyə Hərbi Hava Qüvvələrinin F-4E hərbi təyyarələri ilə birgə hava uçuş tapşırıqlarını icra ediblər.
Azərbaycan Respublikasının pilotları F-4E, Türkiyə Respublikasının pilotları isə Su-25 təyyarələrində uçuşlar ediblər.
Üçüncü istiqamətdə, ordu aviasiyası qarşıya qoyulan tapşırıqları yerinə yetirib. Azərbaycan və Türkiyə Respublikaları Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri müvafiq olaraq Mi-17 və AS-532 "Cougar" helikopterlərində müxtəlif növ döyüş tapşırıqlarını icra ediblər.
Təlimlərin sonuncu günü, plana uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Akın Öztürk, komandanın birinci müavini Abidin Ünal və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərliyi altında aviasiya vasitələri praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər.
MiQ-29 və F-16 təyyarələri hava düşməninə qarşı döyüş, yer hədəflərinə qarşı bomba və top atışları, Su-25 və F-4E təyyarələri isə düşmənin yer hədəflərinə bomba və top zərbələri endiriblər.
Ssenariyə uyğun olaraq, Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Mi-17 və AS-532 "Cougar" helikopterləri vasitəsilə şərti düşmən ərazisində qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatını icra ediblər.
Azərbaycan Hərbi Hava Qüvvələrinin və xüsusi təyinatlılarının peşəkarlıq səviyyəsi təlimlərin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Türkiyə Silahlı Qüvvələrinin NATO-nun aparıcı orduları sırasında olmasını nəzərə alsaq, hərbi qulluqçularımıza verilən qiymət Silahlı Qüvvələrimizin döyüş hazırlığının yüksək səviyyədə olmasının əyani sübutudur.
Hazırda Türkiyədə NATO çərçivəsində davam edən "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopteri iştirak edir.
Təlimlər aprelin 13-dək davam edəcəkdir.