ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçkilərdə qalib gəlməsi dolların digər xarici valyutalara nisbətdə məzənnəsinin aşağı düşməsinə səbəb olub.
“İnterfax” agentliyinə istinadən xəbər verilir ki, D.Trampın ABŞ-ın yeni prezidenti seçilməsindən sonra birjalarda avronun ABŞ dollarına nisbətdə məzənnəsi 2,2% yüksələrək 1,1270 ABŞ dollarına çatıb. Qeyd edək ki, ötən gün ticarət əməliyyatları zamanı 1 avro 1,1026 ABŞ dollarına bərabər olub.
ABŞ-da prezident seçkilərindən sonra Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artıracağı ilə bağlı ehtimalların azalması da avronun məzənnəsinin yüksəlməsinə səbəb olub. İndi analitiklər FES-in dekabrdakı iclasında faiz dərəcələrini yüksəltmək ehtimalı 50% səviyyəsində dəyərləndirir. Halbuki, buna qədər investorlar FES-in dekabrdakı iclasında faiz dərəcələrinin yüksəlmə ehtimalının 80% olduğunu bəyan ediblər.
Müdafiə aktivlərindən hesab olunan İsveçrə frankı və Yaponiya ieni ABŞ dollarına nisbətdə müvafiq olaraq 2 və 3,4% bahalaşıb. İndi 1 dollar 0,9583 franka dəyişdirilir. 101,76 ien isə 1 ABŞ dollarına bərabərdir.
Bundan fərqli olaraq, Meksika pesosu dollara nisbətdə 11% ucuzlaşıb. Bu son 20 ilin rekord göstəricisi sayılır. İqtisadçıların fikrincə, D.Trampın prezident olması ABŞ və Meksika arasında əlaqələrin pisləşməsinə, ticarət dövriyyəsinin azalmasına səbəb olacaq. Çünki, respublikaçı namizəd Meksika və Kanada ilə azad ticarət zonasının ləğv ediləcəyini bəyan etmişdi.
Yeri gəlmişkən, Kanada dolları ABŞ dolları ilə müqayisədə 1,4% dəyərdən düşüb. Avstraliya və Yeni Zelandiya dolları ABŞ dollarına nisbətdə müvafiq olaraq 1,9% və 1% ucuzlaşıb. Buna səbəb kimi, hər iki ölkədə ixracının böyük hissəsinin təşkil edən qiymətli metalların ucuzlaşması göstərilir.
Ekspertlər əlavə edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumdan sonra D.Trampın prezident seçkilərində gözlənilmədən qalib gəlməsi dünya valyuta bazarına ikinci ciddi şoka səbəb olub. /apa/