“ABŞ prezidenti Donald Tramp həmkarı Rəcəb Tayyip Ərdoğanı inandırıb ki, Fəthullah Gülənin Türkiyəyə verilməsi haqqında Ankaranın sorğusuna çox ciddi yanaşacaq”.
Məlumata görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın NTV telekanalının efirində deyib.
Qeyd edək ki, ötən gecə Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub. Türkiyə KİV-i yazıb ki, Ərdoğanın həmkarından iki vacib istəyi olub. Deyilənə görə, Ərdoğan həmkarından YPG-ə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücləri –red.) dəstək verilməməsini, Fəthullahçı Terror Təşkilatı (FETÖ) və PKK-ya qarşı birgə mübarizənin aparılmasını istəyib.
Türkiyə FETÖ-nün lideri Fəthullah Güləni 2016-cı il iyulun 15-də təşkil edilən hərbi çevriliş cəhdində əsas şübhəli hesab edir./Publika.az/