ABŞ prezidenti Donald Tramp demokratları "totalitarlıqda" ittiham edib və 2020-ci ildə keçiriləcək prezident seçkilərində onların qələbə qazanacağı təqdirdə iqtisadi depressiyanın olacağını əvvəlcədən xəbər verib.
RİA "Novosti"yə istinsadən xəbər verilir ki, "Amerikanı transformasiya etmək cəhdində demokratlar daha da totalitar olurlar: narazıları boğurlar, günahsızlara şər atırlar, hüquq standartlarını məhv edirlər, açıq məhkəmə prosesləri qururlar və Amerika demokratiyasını devirməyə çalışırlar.
Sizə dəqiq deyirəm əgər demokratlar qayıtsa, onda heç vaxt görmədiyiniz depressiyaya uğrayacaqsınız", - deyə Tramp Luizianadakı mitinqdə tərəfdarları qarşısındakı çıxışında bildirib.
Qeyd edək ki, Tramp 2020-ci ilin prezident seçkilərində iştirak etmək niyyətini elan edib. Respublikaçıların rəqibi olan demokratların vahid namizədi yayda müəyyən ediləcək.
ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək./Report/