Tramp ABŞ-ı bu adamlarla idarə edəcək - Trampın komandası
11.11.2016 1319 0.0 0

Donald Trampın ABŞ-ın prezidenti seçilməsindən sonra onun çalışacağı komanda ilə bağlı dünya mətbuatında bir-birinin ardınca müxtəlif iddialar səsləndirilir. Bəzi mətbuat orqanları Trampın biznesmen olduğunu və siyasi komandasının peşəkar olmayacağını söyləyirlər. Lakin Trampın qatı konservatorlarla işləyəcəyini iddia edənlər də tapılır.

Oxuculara ABŞ mətbuatında yeni prezidentin komandasında kimlərin olacağı ilə bağlı adı hallanan namizədləri təqdim edirik:

 

Nyut Qinqriç

 

O, ABŞ Nümayəndələr Palatasının eks-spikeridir. Amerikada kifayət qədər məşhur siyasətçi, yazıçı, publisist və biznesmen kimi tanınır. Nüfuzlu konservator olan Qinqriç 90-cı illərin əvvəllərindəkı “Respublikaçı inqilabı” layihəsinin əsas memarlarından biri idi. Onun yaratdığı bu proqram Respublikaçılar Partiyasına imkan verdi ki, Konqresin hər iki palatasında nəzarəti ələ ala bilsinlər.

O, Rusiya və Vladimir Putinə münasibətdə Donald Trampla eyni mövqeni bölüşür. Qinqriç həmçinin abort, ətraf mühitin mühafizəsi və sosial sfera üçün əlavə vəsait ayrılmasının əleyhdarıdır. Qinqriç Obama Administrasiyasının sərt tənqidçisi və “dələduz-dövlətlər” (ABŞ-ın düşmən kimi gördüyü və dünya üçün təhdid hesab edilən dövlətlərdəki rejimlər nəzərdə tutulur – red.) kursunun müdafiəçisidir. “Politiko” qəzetinin iddiasına görə, o, yeni hökumətdə dövlət katibi vəzifəsini tuta bilər.

 

Bob Korker

 

Tennesi ştatının Çattanuqa şəhərindəki tikinti şirkəti sayəsində Bob Korker multimilyonçuya çevrilib. 1994-cü ildə Senata düşmək uğrunda apardığı uğursuz mübarizədən 7 il sonra o, Çattanuqi şəhərinin meri olub. Korker 2007-ci ildən Senatdadır, 2015-ci ildən isə Senatın Xarici İşlər Komitəsinə rəhbərlik edir. Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin və Ukraynaya silah verilməsinin tərəfdarıdır. NATO-nun rus aqressiyasını dayandırmaq üçün gücləndirilməsini istəyir. Korkerin də ABŞ dövlət katibi ola biləcəyi istisna edilmir.

 

Con Bolton

 

Bolton Dövlət Departamentinin veteranı hesab edilir. 90-cı illərin əvvələrində o, dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi, 2000-ci illərin əvvəllərində isə dövlət katibinin silahlanmaya nəzarət üzrə köməkçisi olub. Bundan sonra ABŞ-ın BMT-dəki təmsilçisi kimi çalışıb və dövlət işi karyerasını burada bitirərək elmlə məşğul olmağa başlayıb.

Bolton radikal mühafizəkardır. O, Şimali Koreya, İran, Kuba və Rusiyaya qarşı sərt siyasətin tərəfdarıdır. O, İraq müharibəsinin əsas dəstəkçilərindən və memarlarından biri hesab edilir. Məhz Bolton Buşu İraqın Nigeriyadan uran almaq istədiyinə inandıra bilmişdi. Bolton həmçinin 2010-cu ildə “İsrailin dostlarının təşəbbüsü” təşkilatının yaradıcılarından biri olub. O, İsrailin legitimliyinin qorunmasının əsas mühafizəçisi sayılır. Onun da adı dövlət katibliyinə namizədlər sırasında çəkilir.

 

Cef Seşns

 

Seşns əvvəlcə federal prokuror, daha sonra isə Alabama ştatının baş prokuroru olub. O, Amerikanın mühafizəkar siyasətçilərindən sayılır. Seşns həmçinin Trampı ilk müdafiə edənlərdən olub. O, seçkiqabağı kampaniyası zamanı Trampın miqrasiya siyasəti və milli təhlükəsizliklə bağlı məsləhətçisi kimi çalışıb. Seşns Pentaqon rəhbərliyinə əsas namizəd hesab edilir.

 

Stefen Hedli

 

İxtisasca vəkildir. Universiteti bitirdikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. 2000-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini olub. Daha sonra isə vəzifəsində irəliləyərək, oğul Corc Buşun müşaviri olub. O, Buşun ən etibar etdiyi şəxslərdən biri hesab edilib. Hedli müdafiə naziri vəzifəsinə əsas namizədlərdən sayılır.

 

Maykl Flin

 

General-leytenant Maykl Flin Trampın komandasında bəlkə də ən yüksək vəzifəli şəxsdir. 2014-cü ildə Pentaqon rəhbərliyi ilə arasında Yaxın Şərqdəki situasiyayla bağlı yaranan fikir ayrılığına görə ABŞ hərbi kəşfiyyatının rəhbəri vəzifəsindən istefa verib. Flin Vaşinqtonun Əsəd rejimi ilə terror təşkilatlarına qarşı ittifaqa girməsini istəyirdi. O, Rusiya ilə əlaqələrin düzəldilməsinin tərəfdarıdır və Prezident Vladimir Putinlə şəxsi tanışlığına görə fəxr edir. Flin 2016-cı ilin fevralında Demokratlar Partiyasından Respublikaçılar Partiyasına keçib. Onun müdafiə naziri olması üçün bir sıra maneələr mövcuddur. Belə ki, ABŞ konstitusiyasına əsasən, prezident istefa vermiş hərbçini 7 il ərzində Pentaqonun mülki rəhbəri təyin edə bilməz. Buna Senat izn verməlidir.

 

Rudolf Culiani

 

Nyu Yorkun eks-meridir. 1980-ci illərdən bu yana respublikaçıdır. O, karyerasına prokuror kimi başlayıb. 1993-cü ildə mer olduqdan sonra Nyu Yorkda cinayətkarlığa qarşı geniş mübarizə aparması ona əhali arasında nüfuz sahibi olmaq imkanı verib. Üstəlik, işsizliklə uğurla mübarizə aparıb, büdcə siyasətini layiqli yerinə yetirib və çoxsaylı uşaq proqramları reallaşdırıb. O, 11 Sentyabr 2001-ci il teraktı zamanı göstərdiyi uğurlu fəaliyyətə görə xalq arasında daha da məşhurlaşıb. ABŞ mətbuatı onun gələcək baş prokuror olacağını iddia edir.

 

Kris Kristi

 

Nyu Cersi ştatının ilk respublikaçı qubernatorudur. Məhz o, Corc Buşa ikinci dəfə prezident olması üçün təşviqat kampaniyasında yardım edib. Kristi miqrasiya siyasətində Trampla fərqli fikirlərə sahibdir. O, sənədsiz immiqrantları cinayətkar hesab etmir və qubernator olduğu müddət ərzində bu şəxslərə universitetlərdə adi vətəndaşlar kimi təhsil almaq imkanı yaradıb. Kristi marixuananın tibbi məqsədlər üçün leqallaşdırılmasının tərəfdarı sayılır. Obamanın xarici siyasətini kəskin tənqid edən Kristi də ABŞ baş prokuroru vəzifəsinə əsas namizəd kimi göstərilir.

Uilbur Ross

 

78 yaşlı milyarder metallurgiya, kömür hasilatı, telekommunikasiya, tekstil və digər sənayelərdəki şirkətlərin restrukturizasiyası təcrübəsi ilə məşhurdur. Ross 2,9 milyard dollar sərvətə sahibdir. “Politiko” qəzeti onun ABŞ-ın gələcək ticarət naziri ola biləcəyini iddia edir.

 

Ben Karson

 

Məşhur neyrocərrah və yazıçıdır. Dünyada boyunları bir-birinə bitişik siam əkizlərini ilk dəfə ayıran əməliyyatı uğurla başa vurduqdan sonra məşhurlaşıb. 36 illik həkim fəaliyyətinə 2013-cü ildə son verən Karson siyasətə qoşulub. Karson da Tramp kimi siyasi elitada geniş əlaqələrə sahib deyil, amma əhali arasında çox məşhurdur. O, abortların, eynicinsli nikahların və büdcədən iqlim dəyişikliyi ilə mübarizə üçün vəsait ayrılmasının əleyhdarıdır. Onun səhiyyə naziri təyin ediləcəyi gözlənilir./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar