Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olmaq istəyən abituriyent və namizədlər üçün sınaq imtahanı keçirəcəkdir.
Qazeta.info TQDK-ya istinadla bildirir ki, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçiriləcəkdir. Qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaqdır.
İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.
Magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya – martın 19-dan həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər. ***
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də cari il üçün ilk sınaq imtahanı keçiriləcəkdir. İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq.
Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaqdır. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərsiniz. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin diqqətinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!