Tıxacda qalan hər sürücü dövlətə ildə min dollar ziyan vurur
27.12.2019 606 0.0 0

Şəhər sakinləri ildə orta hesabla 54 saatlarını tıxacda sərf edirlər ki, bu da iqtisadiyyata ildə 179 milyard dollar ziyan vurur.

CNBC-nin məlumatına görə, Texas Nəqliyyat İnstitutu ABŞ iqtisadiyyatının tıxacdan illik itkisini hesablayarkən bu qənaətə gəlib.

Yeni araşdırmaya görə, tıxacdan yaranan maddi itkilər adambaşına ildə 1080 dollar (1.836 AZN) təşkil edir. Bundan əlavə, tıxaclar zamanı demək olar ki, 12,5 milyard litr yanacaq boş yerə sərf olunur.

Alimlər belə bir qənaətə gəliblər ki, qeyd olunan itkilərin çoxu fantom - obyektiv səbəb olmadan meydana gələn tıxac səbəbindən yaranır.

Fantom tıxaclar ümumilikdə ciddi ləngimələrə səbəb olmasa da, qəza riskini artırır, çünki sürücülər maşını qəfil saxlayırlar. Bundan əlavə, sıçrayış hərəkəti avtomobili zədələyir və yanacaq sərfiyyatını artırır.

Yeri gəlmişkən paytaxt Bakımızda da tıxacda qalma səbəbindən vaxt itkisinə məruz qalmayan insan yəqin ki, çox az tapılar. Şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər isə təkcə vaxt yox, həm də yanacaq sərfiyyatına görə maddi ziyana düşürlər.

Ekspertlərin fikrincə tıxacın sürücülərin cibinə vurduğu ziyanı hesablayan zaman təkcə yanacaq xərcini düşünmək doğru deyil. Praktik olaraq, əməkqabiliyyətli və işləyən insanlar tıxacda xeyli vaxt itirirlər. Vaxtın itirilməsi baxımından da tıxacda qalan sürücülər əlavə maddi ziyana məruz qalırlar. Əksər paytaxt sakinləri – xüsusən də sürücülər qət etdikləri məsafədən asılı olaraq, orta hesabla hər gün 1 saatdan çox tıxacda vaxt itirirlər. Bu isə hər bir işləyən vətəndaş üçün ay ərzində 100 manatdan artıq pul itirilməsinə gətirir. Bəzi hallarda məbləğ məsafədən və tıxacın müddətindən asılı olaraq arta bilir./olke.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar