Azərbaycanda tikinti sektorunun canlandırılması və tikinti şirkətləri tərəfindən vətəndaşların aldadılmasının qarşısının alınması üçün yeni və özündə ciddi nəzarət mexanizmini ehtiva edən prosedur müəyyənləşdirilib.
Məlumata görə, bu, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənən və fevralın 16-dan qüvvəyə minən “Azərbaycan Respublikasında daşınmaz əmlak sertifikatları haqqında Qaydalar”ında əksini tapıb.
Qaydaya əsasən, emitent daşınmaz əmlak sertifikatlarının buraxılışını həyata keçirən şəxs, təminatçı daşınmaz əmlak sertifikatları üzrə qarantiya verən bank, xüsusi yığım hesabı emitent tərəfindən bankda açılmış və daşınmaz əmlak sertifikatlarının yerləşdirilməsindən daxil olan pul vəsaitlərinin saxlanması üçün hesabdır. Daşınmaz əmlak sertifikatlarının uçotunu aparan təşkilat Milli Depozit Mərkəzidir. Emitent daşınmaz əmlak sertifikatlarını tikinti işlərinin ümumi smeta dəyərinin 70%-dək hissəsinin maliyyələşdirilməsi üçün buraxır. Tikinti işlərinin ümumi smeta dəyərinin azı 30%-i emitent tərəfindən ödənilməlidir. Kütləvi təklif üsulu ilə yerləşdirilən və sənədli formada buraxılan daşınmaz əmlak sertifikatları dövlət qeydiyyatına alındıqdan sonra Mərkəzi Depozitarda deponentləşdirilməlidir. Daşınmaz əmlak sertifikatlarının buraxılışı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınır. Azərbaycan ərazisində təmin edilmiş və ya təmin edilməmiş daşınmaz əmlak sertifikatları buraxılır. Təmin edilmiş daşınmaz əmlak sertifikatları üzrə öhdəliklər bank qarantiyası ilə təmin edilir. Daşınmaz əmlak sertifikatları üzrə təminatın dəyəri daşınmaz əmlak sertifikatlarının buraxılışının məcmu nominal dəyərindən və daşınmaz əmlak sertifikatları üzrə öhdəliklər yerinə yetirilmədikdə ödəniləcək kompensasiya məbləğindən az olmamalıdır. Daşınmaz əmlak sertifikatlarının dövlət qeydiyyatına alınması üçün emitent ərizə ilə Komitəyə müraciət edir. Ərizəyə daşınmaz əmlak sertifikatının buraxılışı haqqında qərar, daşınmaz əmlak sertifikatının buraxılış şərtləri, emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanunda müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri, tikintiyə icazə verilməsi barədə qərarın surəti, tikinti işlərinin ümumi smeta dəyərini əks etdirən sənəd və həmin məbləğin azı 30%-nin emitent tərəfindən ödənilməsi barədə məlumat (xüsusi yığım hesabından çıxarış və ya çəkilmiş xərclərin təsviri), bank qarantiyası (təmin edilmiş daşınmaz əmlak sertifikatları üçün), daşınmaz əmlak sertifikatının nümunəsi (sənədli olduqda) daxil edilməlidir.
Komitə daşınmaz əmlak sertifikatlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 20 iş günü müddətində baxır və daşınmaz əmlak sertifikatlarının buraxılışı dövlət qeydiyyatına alınır. Bu halda Komitə emitentə qiymətli kağızların dövlət reyestrindən çıxarış təqdim edir. Daşınmaz əmlak sertifikatlarının buraxılışı dövlət qeydiyyatından keçənə qədər onların reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi və buraxılış şərtlərinin potensial investorlara təqdim edilməsi qadağandır. Daşınmaz əmlak sertifikatlarının buraxılış şərtləri sırasında tikinti işlərinin ümumi smeta dəyəri və həmin məbləğin azı 30%-nin (otuz) emitent tərəfindən xüsusi yığım hesabında deponentləşdirilməsi barədə məlumat və ya müstəqil qiymətləndirici tərəfindən təsdiq edilmiş həmin məbləğdə çəkilmiş xərclərin təsviri, tikinti işlərinin həyata keçirilməsinin mərhələləri və hər bir mərhələnin smeta dəyəri, tikinti ilə bağlı görülmüş işlər barədə məlumat, tikintinin başlanma və başa çatma tarixləri, buraxılışda olan daşınmaz əmlak sertifikatlarının nominal dəyəri və sayı, daşınmaz əmlak sertifikatlarının yerləşdirilməsinin başlanma və başa çatma tarixləri (yerləşdirilmə müddəti), daşınmaz əmlak sertifikatlarının ödənilməsinin son tarixi, daşınmaz əmlak sertifikatının ödənilməsi zamanı emitent tərəfindən daşınmaz əmlak sertifikatlarının mülkiyyətçiləri tərəfindən verilmiş etibarnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların onlara təqdim edilməsi proseduru, emitent tərəfindən daşınmaz əmlak sertifikatları üzrə öhdəliklər yerinə yetirilmədikdə daşınmaz əmlak sertifikatlarının mülkiyyətçilərinə ödəniləcək kompensasiyanın məbləği, ödənişin həyata keçiriləcəyi müddət və yer, təminatçının adı, yerləşdiyi ünvan və onun tərəfindən daşınmaz əmlak sertifikatlarının ödənilməsi qaydaları (təmin edilmiş daşınmaz əmlak sertifikatları üçün), daşınmaz əmlak sertifikatlarının yerləşdirilməsində iştirak edən investisiya şirkəti barədə məlumat, daşınmaz əmlak sertifikatları üzrə hüquqların ötürülməsi qaydaları, tikinti işlərini həyata keçirən podratçının adı və yerləşdiyi ünvan, emitentin həyata keçirdiyi digər tikinti layihələri haqqında məlumat, daşınmaz əmlak sertifikatlarının buraxılış şərtlərinin və tikintinin gedişatı haqqında məlumatların açıqlandığı mənbə yer alıb. Daşınmaz əmlak sertifikatlarının yerləşdirilməsi başa çatdıqdan sonra, daşınmaz əmlak sertifikatlarını kütləvi təklif üsulu ilə yerləşdirmiş emitent hər rüb başa çatdıqdan sonra, növbəti ayın 15-dək tikintinin gedişatı ilə bağlı tikintinin mövcud vəziyyəti və xərclənmiş vəsaitlərin məbləği barədə məlumatları açıqlamalıdır. Daşınmaz əmlak sertifikatlarının yerləşdirilməsindən əldə edilmiş vəsaitlər yalnız buraxılış şərtləri ilə nəzərdə tutulmuş bank hesabında saxlanılır və tikinti məqsədləri üçün istifadə edilir.
Daşınmaz əmlak sertifikatlarının ödənilməsi emitent tərəfindən həyata keçirilir. Daşınmaz əmlak sertifikatlarının ödənilməsi onların mülkiyyətçilərinin mülkiyyətinə daşınmaz əmlak sertifikatında göstərilən tikilinin verilməsi və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından ibarətdir. Bu halda Mərkəzi Depozitarda saxlanılan daşınmaz əmlak sertifikatları emitentə təqdim edilir. Daşınmaz əmlak sertifikatlarının ödənilməsinə başlanıldığı tarixdən etibarən 2 ay ərzində emitent daşınmaz əmlak sertifikatlarının mülkiyyətçilərinə, onlar tərəfindən verilmiş etibarnamə əsasında, müvafiq daşınmaz əmlaklara dövlət reyestrindən çıxarışlar təqdim etməlidir. Daşınmaz əmlak sertifikatlarının buraxılış şərtləri ilə müəyyən edilmiş müddət ərzində tikinti başa çatdırılmadıqda və ya emitent tərəfindən b nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar daşınmaz əmlak sertifikatlarının mülkiyyətçilərinə təqdim edilmədikdə, emitent tərəfindən daşınmaz əmlak sertifikatlarının mülkiyyətçilərinin daşınmaz əmlak sertifikatının nominal dəyəri və buraxılış şərtləri ilə müəyyən edilmiş kompensasiya ödənilir. Daşınmaz əmlak sertifikatları təmin edilmiş olduqda, emitent tərəfindən onların nominal dəyəri və kompensasiya ödənilmədikdə bir ay ərzində daşınmaz əmlak sertifikatlarının nominal dəyəri və kompensasiya təminatçı tərəfindən ödənilir./apa/