Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb.
Qazeta.info Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına əsasən bildirir ki, “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq tikinti materialları sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi, standartlaşdırma üzrə beynəlxalq təşkilatların TK-larının işində iştirak, o cümlədən milli standartlarının beynəlxalq standartlar kimi qəbul edilməsi məqsədilə, Azərbaycan Respublikasının standartlaşdırma üzrə milli orqanı ilə standartlaşdırma üzrə beynəlxalq təşkilatlar arasında olan razılaşmalara əsasən onların katibliyinin aparılması, texniki reqlament və standartların dövlət məlumat fonduna verilməsi üçün beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması və beynəlxalq, dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.
Texniki Komitəyə ümumilikdə 17 dövlət və qeyri-dövlət müəssisələri üzv seçilib. Bunlardan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-konstruktor İnşaat Materialları İnstitutunu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunu, “Gilan” Holdingi, “Akkord” şirkətini göstərmək olar.
Məlumat üçün bildirək ki, Texniki Komitə- milli standartlaşdırma orqanının əmrinə uyğun olaraq müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.
Standartlaşdırma üzrə TK-nın tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarların və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.
Standartlaşdırma sahəsində işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir.