İndi texniki baxış müddətidir. Lakin avtomobili saz vəziyyətdə olan sürücü belə, texniki baxış məntəqəsinə getməkdən çəkinir. Uğurlu texniki baxışdan keçmək üçün nə lazımdır ? Əsas sirlər nədir ? Ümumiyyətlə texniki baxış müddəti, qiyməti haqqında hər şeyi bu məqalədə tapa bilərsiniz.
Deməli birinci sual:sürücülər avtomobillərini hansı müddət ərzində texniki baxışdan keçirməlidirlər? Əgər avtomobil yeni avtomobildirsə, 4 ilin tamamında 5-ci ilində texniki baxışdan keçir. Məsələn: 2014-cü il istehsalı olan avtomobil 2019-cü ildə texniki baxışdan keçməlidir. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər isə 2 ildən bir texniki baxışdan keçməlidirlər. Məsələn: 2012-ci ilin avtomobili 2017-ci ildə texniki baxışdan keçəndən sonra, növbəti texniki baxış müddəti 2019-cu il olacaqdır. Və nəhayət istehsal ilindən 10 il keçmiş avtomobillər hər il texniki baxışdan keçməlidirlər. Məncə burada misala ehtiyac yoxdur. Bir çox sürücülər avtomobili aldığı ildən texniki baxış müddəti hesablayırlar. Bu səhvdir. Qanuna əsasən avtomobilin istehsal ili əsasdır.
Azpdd.com saytında olan dostlarımız texniki baxışdan keçməyin sirlərini yazıblar. Sadəcə onlar rus dilində yazdıqlarına görə mən sizə öz biliyim və onların təcrübəsini bölüşmək istəyirəm.
Texniki baxışdan harada keçirlər :
Əgər siz Bakı şəhərində yaşayırsınızsa, o zaman Zabrat-Maştağa yolunda yerləşən texniki baxış məntəqəsinə yollanmalısınız.
İş vaxtı: Hər gün 09:00 -dan 18:00-a qədər. Fasilə 13:00-dən 14:00-a qədər.
Əgər siz Bakı qeydiyatındasınızsa, amma halhazırda məsələn Şəkidəsiniz, o zaman texniki baxışı Şəkidə keçə bilərsiniz. Məsələn: Şəki qeydiyyatındasınız amma bu dəqiqə Bakıdasınızsa, yenə Bakıda texniki baxışdan keçə bilərsiniz. Həmçinin yemək fasiləsi zamanı boksu bağlayıb yeməyə gedə bilməzlər. Texniki baxış fasiləsiz həyata keçirilməlidir.
Texniki baxış üçün texniki tələblər hansılardır :
Qanuna əsasən avtomobil YHQ-un 1 saylı əlavəsində nəzərdə tutulmuş texniki tələblərə cavab verməlidir.
1. Dəm qazı (Avro 2)
2. Şinlərin protektoru (1.6 mm)
3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa,brızqoviklər
4. Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS 122-2004 standartına uyğunluq)
5 İşıqların saz vəziyyətdə olması . (İşıqları öncədən servisdə yoxlatdırıb rəsmi kağız alın. Birdən sizə texniki baxış zamanı "işıqlarınız nasazdır" desələr həmin kağız lazım olacaq)
6. Təhlükəsizlik kəməri
7. İşlək əyləc sistemi
8. Yağ və ya yanacaq sızması olmasın.
YHQ 1- saylı əlavəsi ilə burada tanış ola bilərsiniz : http://www.avtostop.tv/qanunlar
Mühərrikin təmiz və ya natəmiz olmasının texnikin baxışa heç bir aidiyyatı yoxdur. Mühərrik nömrəsinin görünməsi əsas məsələlərdən biridir. O görünürsə natəmiz mühərrik sadəcə estetikadır.
Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması mütləqdir. Tibb çantasının tərkibi yoxlanılır. Ona görə bu tərkibi yenə saytımızın "Qanunvericilik" bölməsindən götürə bilərsiniz : http://www.avtostop.tv/qanunlar
Qanuna əsasən texniki baxış üçün dövlət rüsumu 20 manatdır. Yol vergisi ləğv edilib. Keçən il keçmədiyin texniki baxışın rüsumunu sizdən istəyə bilməzlər. Çünki həmin il xidmət göstərilməyib. 20 manatı bank, kassa,pos-terminal və online ödəmək mümkündür.
Online ödəmək üçün e-payment portalından istifadə edin : https://e-payment.mia.gov.az/portal/index
ADDIM-ADDIM TEXNİKİ BAXIŞ
-
Texniki baxış məntəqəsinə gəldikdən sonra 15 boksdan birində dayanın. Bokslardan biri yük avtomobilləri üçündür. Orada durmaq lazım deyil.
-
Avtomobilinizdə videoregistrator varsa,onu söndürməyi istəyəcəklər. Səbəb olaraq xüsusi əhəmiyyətli obyekt olduğunu deyə bilərlər. Cavab olaraq: xüsusi əhəmiyyətli obyekt olsa idi, mülki şəxslər buraxılmazdı. Lakin yenə gözlərinin qarşısında söndürün, daha sonra yenə yandırarsınız.
-
İlk olaraq texniki passport və avtomobilin məlumatları yoxlanılır. İcbari sığorta,rəng şassı,ban nömrəsi, tibb çantası,yanğınsöndürən,qəza-durma nişanı və onların sazlığı yoxlanılır. Avtomobilin banındakı cızıq, üzlük, astar və s-nin olması nasazlıq sayılmır.
-
Dəm qazının yoxlanılması. Ölçmə işi aparmazdan öncə mühərriki işə salın. Mühərrik sönüklü vəziyyətdə cihazı səsboğucusuna daxil edərlərsə və siz mühərriki işə salarsınızsa, nətiələr pis ola bilər, Mühərrik işlək vəziyyətdə olmalıdır. Qaz vermək tələb olunsa, etiraz edin. Yoxlanış sabit vəziyyətdə aparılmalıdır. texniki baxış müddəti zamanı mühərriki söndürməyin. 2010-2012 1 iyul tarixinə qədər olan avtomobillər AVRO 2, 1 iyul 2012-dən sonra gələn avtomobillər isə AVRO 3 standartına uyğun olaraq yoxlanılır. Həmçinin dəm qazının yoxlanılması Rusiya Federasiyasında qəbul edilmiş və bizdə də keçərli olan GOST-a uyğun aparılmalıdır. Həmin GOST-la buradan tanış ola bilərsiniz : http://pddrussia.ru/items/doc.php?p=38
-
İşıqların yoxlanılması. Sizin avtomobilin işığı yoxlanılan zaman, yoxlama cihazı çirklidirsə, onu təmizlətdirin. Digər yoxlanışa keçənə qədər nəticəni öyrənin. Çünki avtomobilinidə işıq nizamlayıcısı varsa, ola bilər onun vəziyyəti səhv rejimdədir. Onu düzəldib yenidən yoxlatdırın. Cihaz dəqiq nizamda olmalıdır. Gücgü üzrə kalibrəetmə hər işıq üçün ayrıca olmalıdır. Ortaya qoyub bir dəfəyə etmək düzgün deyil. Nizamlayıcının hərəkətlərinə diqqət edin. Bir faranı edib, digərini yoxlamasalar cihaz bunu nnasazlıq kimi qeyd edəcək. Cihazın proqram təminatı sonradan müdəxilə imkanı verir. Ona görə hər şey Ok olsa belə, ekranın şəklini çəkin. Siz uzaqlaşandan sonra birdən ola bilər nəticəni dəyişərlər. Çünki insan çiy süd əmib. Cihazın arxasında xüsusi halqa vasitəsi ilə hər avtomobilə uyğun ayarlamalar var. Ona görə bu ayarlara diqqət edin. Avtobusun işıqlarını sizin avtomobildə yoxlamasınlar. Cihazdan istifadə qaydalarını verdiyimiz linkdən gotürüb onunla tanış olun. Əgər sapmalar olarsa, təlimat kitabçasında olanları qeyd edin. İşıq nizamlama cihazının təlimatı: https://www.azpdd.info/docs/mld9.pdf İNCLİNATİON SET bölməsinə diqqət edin. Onlar işığın müəyyən edilmiş düşmə bucağını tapmalıdırlar. Əgər bu yoxdursa yerli normativlərə əsaslanmalıdırlar. Milli normativimiz olmadığına görə Rusiya Federasiyasında qəbul edilmiş GOST-dan istifadə edilir : http://docs.cntd.ru/document/gost-r-51709-2001 Həmçinin cihazda işıqların yerdən hündürlüyü məsafəsini də qeyd etmək lazımdır. Bu dediklərimiz olmasa, o zaman cihaz işıqların nasaz olması haqqında məlumat verəcək.
-
Amartizasiya və əyləclər. Qanunvericiliyə əsasən amartizasiyaların nasazlığı istismarı qadağan etmir və texniki baxışda bu tələb edilə bilməz. Daha çox sürücülər məhz əyləc yoxlanılmasından "2" alırlar. Avtomobilin əyləc sistemi YHQ 1 saylı əlavəsinə uyğun olmalıdır. Saatda 40 km sürətdə minik avtomobilinin əyləc yolu 12.2 m olmalıdır. Əl əyləci 23 dərəcə bucaq altında avtomobilin hərkətsizliyini təmin etməlidir. Texniki baxışdan uğurla keçmək üçün düz istiqamətdə stendə doğru hərəkət etmək lazımdır. Sükanı fırlatmayın və hər zaman düz saxlayın. Sizdən əl əyləcini dartmağı xahiş etdikdə birdən dartmayın. Ehmalca edin, Birdən dartdığınız təqdirdə avtomobilin arxası sürüşəcək və siz texniki baxışdan keçməyəcəksiniz. Ümumiyyətlə bu yoxlanış zamanı təkərlərin balansı düzgün omalıdır. Təkərdəki hava təzyiqini düzgün nizamlayın.
Həmçinin əyləc sistemləri və avtomobilin texniki sazlığı ilə bağlı GOST-a müraciət edilməlidir.http://docs.cntd.ru/document/1200017699
Əgər avtomobildə texniki nasazlıq varsa, bu iki nüsxəli aktla rəsmiləşdirilməli və texniki nasazlıq barəsində nəticəni bu akta əlavə etməlidir. Sadəcə "get, maşının xarabdır" deməklə geri göndərmək hüququları yoxdur. Əlavə olaraq bu texniki nasazlığın aradan qaldırılması ilə bağlı servisdən rəsmi arayışınız olarsa, avtomobil yenidən yoxlanışa salına bilməz. Bu zaman avtomobil texniki olaraq saz hesab edilir. Hüquqlarınızı bilin və aldanmayın.
Məqalədə saytından, saytında yerləşdirilən material və qanunlardan istifadə edilib.
Məqalədən istifadə zamanı mənbə göstərmək mütləqdir./Avtostop.tv/