Telman İsmayılovun əlində olan bütün mülklərinə həbs qoyulub.
Məlumata görə, bu barədə "Vedemosti" saytı yazır. Sayt müsahibə üçün milyaderə zəng vursa da, biznesmenin yaxın ətrafından “Vedomosti”yə belə cavab veriblər: “Telman Mərdanoviç baş verənlərdən şokdadır və heç kimlə danışmaq istəmir”.
T.İsmayılovun şoka düşdüyü bir vaxtda onun işləri də durmadan pisləşir. VTB qrupuna daxil olan “Bank Moskva”nın biznesmenin müflis elan edilməsinə dair məhkəməyə iddia təqdim etməsi barədə artıq xəbər verilib. Bu da kifayət etmirmiş kimi kreditorlar Telman İsmayılovun bütün əmlakına həbs qoyulmasına nail olmağa çalışır.
Biznesmen hesab edir ki, onun aktivlərinin reyder üsulu ilə ələ keçirilməsi prosesi gedir. Bunu İsmayılova yaxın iki mənbə deyib.
Lakin belə görünür ki, əsas problem İsmayılovun əsas gəlir mənbəyi olan “Çerkizovsk” bazarının bağlanmasından sonra ambisiyalarını cilovlaya bilməməsindədir.
Mənbə Telman İsmayılovun kasıblıqdan milyaderlik və indi də müflisləşmə dərəcəsinə necə çatdığını da təsvir edib. Belə ki, Bakıda yəhudilərin çoxuşaqlı ailəsində anadan olan İsmayılov bizneslə hələ uşaq yaşlarından məşğul olmağa başlayıb. Əvvəlcə Bakıda sexdə işləyən atasına kömək edib, daha sonra şəhərdə açılan ilk kommersiya mağazasını idarə edib. Sonra Moskvadakı Plexanov adına institutuna daxil olan Telman, elə o vaxtdan orada məskunlaşıb.
İsmayılov Moskvada “Mosqorispolkom”un sədrinin birinci müavini, kooperativ və fərdi əmək fəaliyyəti üzrə şəhər komissiyasının sədri Yuri Lujkovla və həmin komissiyanın katibi, Lujkovun arvadı Yelena Baturina ilə tanış olub.
T.İsmayılov 1989-cu ildə "AST" şirkətlər qrupunu təsis edib.
Telman İsmayılov və dünya şöhrətli müğənni - Şakira
2009-cu ildə isə İsmayılov ilk dəfə Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına düşüb. “Forbes” onun sərvətini 600 milyon dollar dəyərində qiymətləndirib.
Oliqarx biznesin müxtəlif sahələri - hotel, zərgərlik, tikinti ilə məşğul olsa da, onun əsas gəlir mənbəyi “Çerkizovsk” bazarı olub. belə ki, burada "AST" qrupu 200 hektardan çox ərazisi olan nəhəng bazara nəzarət edib. Bazarda isə, min bir xırdavatdan tutmuş, ən iri məhsullara kimi hər şey satılıb. Bəzi mənbələrdə burada, hətta, narkotikin satıldığı da deyilir.
“Çerkizovsk” bazarı
Elə bu səbəbdən “Çerkizovsk” bazarını dəfələrlə bağlamaq istəyiblər. Hətta, bir neçə dəfə məhkəmənin bazarın bağlanması ilə bağlı qərar çıxarılmasına baxmayaraq, ancaq bazar işləməkdə davam edib. Daha sonra Federal Miqrasiya Xidməti bazarda yüzlərlə qeyri-leqal miqrant aşkar edib.
Bundan sonra bazarın fəaliyyəti dayandırılmış, binalar sökülmüşdür. Bununla da, MDB-də ən böyük bazar bağlanıb.
Bazarın bağlanması Telman üçün xoş xəbər olmasa da, lakin o, ruhdan düşmür. Antalya “Mardan Palace” otelinin açılışı münasibətilə dəbdəbəli mərasim təşkil edir. İsmayılov bu kompleksinin tikintisinə az qala bütün pullarını, bir milyarddan çox xərcləyir.
"Mardan Palace"
Mərasimdə Şeron Stoun və Monika Belluci kimi Hollivud ulduzları çıxış ediblər, bahalı hədiyyələr paylanıb, atəşfəşanlıq olub.
Telman İsmayılov və Monika Belluci
Moskva meriyasının keçmiş əməkdaşı deyir ki, hakimiyyətin hövsələsini məhz “Mardan Palace”in açılış mərasimi daşırıb. Belə ki, İsmayılovun qazandığı pulları bu cür səs-küylə, əda ilə xərcləməsi səbr kasasını daşıran sonuncu damla idi. O, “Mardan Palace”in yanında özünə böyük saray da tikdirib.
Lakin, çox keçmir ki, milyader başa düşür ki, ona gəlir gətirən əsas sahə bazar - alverdir. Həm də başa düşür ki, Rusiyada onun dostları azalıb, düşmənləri isə çoxalıb.
Onunla dostluq münasibətində olanlardan birinin sözlərinə görə: "Nə vaxtsa kimsə ona lazım olurdusa, həmin adamı özünə yaxınlaşdırırdı. Ona bahalı hədiyyələr verirdi, qızılı başından səpələyirdi. Onun bütün yaxınları buna alışmışdı, bir az ki, Telmanın vəziyyəti pisləşməyə doğru getdi, sağa-sola səpələmək üçün pullar qurtardı, məlum oldu ki, ətrafda heç adam qalmayıb".
Telman görəndə ki, “Praqa” restoranı, “Voentorq”, həmin “Mardan Palace” oteli bazar qədər gəlir gətirə bilmir, o, biznesini geri qaytarmağa çalışır, ancaq bu dəfə Rusiyadan kənarda. Bu səbəbdən oliqarx 2010-cu ildə Ukraynanın Odessa vilayətində yerləşən keçmiş “Yeddinci kilometr”, indiki “Avanqard” bazarının 52%-ni alır.
“Yeddinci kilometr”, indiki "Avanqard" bazarı
Cari ilin oktyabrın 13-də həmin Ukrayna parlamentinin 25 deputatı hüquq-mühafizə orqanlarının və Dövlət Vergi Xidmətinin rəhbərliyinə həmin bazar haqqında şikayət göndərib. Şikayətdə deyilir ki, bu bazarın ortağı olan Yuri İvanşenko qaçaqmalçılıq, reyder hücumları və Luqansk separatçılarının maliyyələşdirilməsi ilə məşğul olur.
O, eyni zamanda, 2010-cu ildə Qazaxıstanda da bir bazara şərik olur. Bu bazar da “Çerkizovsk” bazarını xatırladırdı - bazarda gömrük terminalı, otel, valyutadəyişmə məntəqələri, apteklər, ərzaq mağazaları yerləşirdi.
Lakin qazax KİV-lərinin yazdığına görə, şəhərdən uzaq olduğundan AST bazarında problemlər başlayıb. 2011-ci ildə aydınlaşdı ki, bazarın sahibləri tikintidə iştirak edən bir neçə podratçıya 5 milyon dollar borcludur. Nəticədə podratçılar müflis oldu, işçiləri isə mitinq keçirərək əmək haqlarını tələb etməyə başlayıblar.
Hazırda bazarın adı dəyişib - “İpək yolu” beynəlxalq ticarət mərkəzi olub. Onu Maşkeviçin ERG qrupu və partnyorları idarə edir. İsmayılovun bazarda mülkiyyətçi kimi qalıb-qalmadığı məlum deyil. Nə Maşkeviç, nə də İsmayılov bu haqda danışmaq istəmir.
2013-cü ildən başlayaraq, kreditorlar onu hər tərəfdən sıxmağa başlayıblar. Bu səbəbdən o, öz şirkətlərini oğullarına və top-menecerinə satıb. Məsələn, “AST-98” və “KBF AST” şirkətlərindəki payını oğulları Ələkbər və Sərxan arasında bölüb.
Telman İsmayılov və oğulları
Moskvadakı ən iri üç obyekti - “Praqa” restoranını, “Tropikano” biznes mərkəzini və AST ticarət mərkəzini isə Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Tiger Limited”, “Ergon İntercoporate LTD” və “Tounderwide Holdings Limited” offşor şirkətlərinə rəsmiləşdirilib. Bu şirkətlərin hər üçü İsmayılova məxsus olub.
"Bank Moskvı" cari ilin oktyabrında ona borclu olduğu 213 milyon dolları ödəmək qabiliyyətinin olmadığını bildirir və iş adamını müflis elan edir. Milyaderin başqa Rusiya banklara, o cümlədən, Türkiyə banklarına, şirkətlərə, fərdi şəxslərə yüz milyonlarla dollar borcu olduğu da deyilir.
Saytın məlumatda o da deyilir ki, İsmayılov aktivlərini satmaq istəyir, alıcı da var, bank isə satışa icazə vermir, borclunun müflis elan edilməsinə çalışır. Digər borclular da Telmanın müflis elan edilməsini tələb edirlər, çünki onun vədlərinə inanmaq istəmirlər.
İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman İsmayılov hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib./anspress/