Telekanalın bağlanmasına etirazlar davam edir (VİDEO)
21.10.2015 733 0.0 0

Gürcüstada minlərlə insan Tiflis şəhər məhkəməsi qarşısına toplaşaraq, hökümətin sanksiyaları ilə üzləşmiş müstəqil “Rustavi 2” telekanalına dəstək nümayiş etdirib. Nümayiş keçirilən vaxt Tiflis şəhər məhkəməsi şirkət rəhbərliyinin əvvəlki hakim Tamaz Urtmelidzenin qərarın qərəzli olmasıyla bağlı apellyasiya şikayətinə baxıb.

Məhkəmə “Rustavi 2” kanalının şikayətini təmin etməyərək, əvvəlki sanksiyanı olduğu kimi saxlayıb. Məhkəmə qarşısına toplaşan sakinlər, o cümlədən də müxalif partiyalar, telekanalın bağlanmasının və əmlakına həbs qoyulmasının siyasi motivli olduğunu iddia edir.

ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın aparıcı telekanallarından olan “Rustavi 2”yə qarşı şirkətin keçmiş rəhbəri Kibar Xalvaşi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesi qalmaqalla müşayiət olunub. 

Telekanalın baş direktoru Nika Qvaramiya məhkəmə sədrini ədalətsizliyə yol verməklə dövlətin maraqlarını güdməkdə günahlandırıb.

Prosesi idarə edən hakim Tamaz Urtmelidzenin anası barəsində hələ fevral ayında cinayət işi açılıb və “Rustavi 2” rəhbərliyi və müxalifət də iddia edir ki, o, baş prokurorluq tərəfindən anasına görə şantaj olunur.

Nika Qvaramiyanın bu ifadələrindən sonra o, zaldan çıxarılıb. Həmin saatlarda Tiflis şəhər məhkəməsinin binası qarşısında keçirilən “Rustavi 2”yə dəstək aksiyasında yüzlərlə sadə vətəndaş və müxalif partiyaların nümayəndələri iştirak edib. 

Məhkəmə prosesi isə oktyabr ayının 22-nə təxirə salınıb.

“22 oktyabr tarixində hər kəsi burda olmağa çağırıram ki, məhkəmə prosesinin necə nəticələnəcəyini və mediaya necə son qoymaq istədiklərini görəsiniz. Həqiqətdə 2016-cı il seçkiləri ilə bağlı qərarları Bidzina İvanişvili qəbul edir, hansı ki, onların məğlubiyyəti ilə sonlanacaq. Bunu təkcə “Rustavi 2” demir, bunu həm də beynəlxalq müşahidəçilər səsləndirir”,- deyə Nika Qvaramiya bildirib.

Ölkədə azad sözün carçısı hesab edilən “Rustavi 2”yə qarşı hakimiyyət tərəfindən göstərildiyi iddia edilən təzyiqlərin gələn il keçirilməli olan parlament seçkiləri ilə birbaşa əlaqəli olduğu deyilir.

Bu arada ölkənin əsas müxalifət pariyası olan “Vahid Milli Hərəkatın”da Qori və Poti şəhərlərində yerləşən ofislərinə “Gürcü arsuzu” tərəfdarları tərəfindən hücumlar təşkil edilib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar