ABŞ prezidenti Barak Obama ilə İran İslam respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi bir-birinin əlni sıxaraq salamlaşıblar. Məlumata görə, hadisə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən görüş zamanı baş verib.
Dünyanın nüfuzlu xəbər agentliklərindən olan “Reuters” hadisəni “Təcili” kodu ilə və “Tarixi hadisə” başlığı ilə yayıb.
İran nümayəndə heyətinin üzvlərindən biri görüşün İran prezidenti Həsən Ruhaninin çıxışından sonra baş verdiyini deyib: “Bu, əvvəldən planlaşdırılan bir şey deyildi, şans nəticəsində baş verdi. Bir neçə saniyədə baş verdi. Bir-birləri ilə salamlaşdılar.”
Qərb mətbuatı bu salamlaşmanı, uzun illərdir aralarında soyuq müharibə olan ABŞ ilə İran arasındakı münasibətlərdə son aylarda yaranan yaxınlaşmanın pik həddi hesab edir.
Cavad Zərifi 1979-cu ilin İran inqilabından sonra ABŞ prezidenti ilə salamlaşan ilk yüksək səviyyəli diplomatdır.
Lakin İran parlamanetinin deputatı Məhəmməd Həsən Əsəfari hesab edir ki, bircə əlin sıxılması böyük siyasi gedişat və irəliləyiş anlamına gəlməməlidir./anspress/