Məlumat verildiyi kimi, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmuş və yeni qatarlar alınmışdır.
Qazeta.info Tarif Şurasına istinadla bildirir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bu gün – sentyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılmış və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilmişdir.
Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilmişdir (Cədvəl əlavə olunur). Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.