Türkiyənin tanınmış teatr və kino aktyoru, son illər siyasi qalmaqallar və “gəzi parkı” hadisələri ilə gündəmə gələn Levent Kırca öldü. ANS PRESS-in məlumatına görə, bir müddətdir qaraciyər xərçəngi xəstəliyindən müalicə olunan aktyor yerli vaxtla saat 02.40-da (Bakı vaxtıyla 04.40) dünyasını dəyişib.
Zeki Levent Kırca 1948-ci ildə Türkiyənin Samsun şəhərində dünyaya gəlib. İlk dəfə 1964-cü ildə Ankara Dövlət Teatrında səhnəyə çıxıb və bundan sonra aktyorluq karyerası başlayıb. Bir çox kino və teatr tamaşalarında yadda qalan obrazlar canlandıran Leven Kırcanı Türkiyə daha çox “Olacaq o qədər” tamaşaları ilə tanıyıb. 1988-ci ildə başlayan və televiziya kanallarında yüksək reytinqlə izlənən “Olacaq o qədər” tamaşaları 22 il davam edib.
Levent Kırca səhnədə
1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən aktyora verilən “Dövlət sənətçisi” titulu daha sonra geri alınıb. Aktyorun ikisi ilk iki həyat yoldaşından, ikisi də aktrisa Oya Başardan olmaqla 4 övladı var. Aktyorun həmçinin Sankt Peterburq “Bal mumu heykəlləri muzeyi”ində heykəli olan yeganə türk olduğu bildirilir.
“Beykent” universiteti İncəsənət fakultəsində bir müddət müəllimlik edən Kırca 2009-cu ildə seçkidə iştirak edir. Denokratik Sol Partiyadan (DSP) İstanbulun Üsküdar rayonunun bələdiyyə sədrliyi üçün namizəd olan aktyor seçkidən məğlubiyyətlə ayrılır.
2011-ci ildən “Aydınlıq” qəzetində köşə yazarlığı edir. 2013-cü ildən “Ulusal” telekanalın direktoru olan ölənə qədər bu kanalda idarə heyətinin sədri olub.
Aktyorun gəncliyində çəkildiyi "İndi nə olacaq" filmindən kadr
“Gəzi parkı” hadisələrində xüsusi fəallıq nümayiş etdirən Levent Kırca Ərdoğan rəhbərliyindəki AKP hökumətinə qarşı mövqeyi ilə yadda qalıb.
2014-cü il martın 30-da keçirilən bələdiyyə seçkisində Fəhlə Partiyasından (İP) İstanbul bələdiyyə sədrliyi üçün namizədliyini irəli sürən aktyor 0.2% səs toplayaraq təkrar məğlubiyyətə düçar olub.
Allah rəhmət eləsin.