2017-ci ilin dekabrına olan vəziyyətə görə, Transanadolu boru kəmərinin (TANAP) tikintisi çərçivəsində 96,6 faiz irəliləyiş olub.
Bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, Gürcüstan-Türkiyə sərhədindən Eskişehir şəhərinədək olan sahə (“0” mərhələsi) tamamilə tikilib:
“Bu mərhələdə boru kəmərinin sınaqları və istifadəyə verilməsi 2018-ci ilin yanvarında baş tutacaq. Eskişehirdən Yunanıstan sərhədinədək (Mərhələ “1”) olan hissədə işlər cədvələ uyğun davam edir. TANAP Eskişehirdə BOTAŞ milli qaz şəbəkəsinə ilk qazı 2018-ci ilin iyununda tədarük edəcək”.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz./Trend/