Barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə məhkəmə prosesi yanvarın 14-də keçiriləcək.
Qazeta.info “Report”-a istinadla xəbər verir ki, bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.
Prosesə sədrliyi hakim Babək Pənahov edəcək.
Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
T.Bağırovun iddiasına yanvar ayının 6-da baxılmalı idi.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində T.Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. Məhkəmədə apellyasiya şikayəti təmin edilməyib.