Taleh Bağırov və digərlərinin məhkəməsi davam etdirilib
21.09.2016 503 0.0 0

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı İbrahim Kazımov şahid qismində ifadə verib.
 
O, Nardaranda keçirilən əməliyyat zamanı Rasim Cəbrayılovu zərərsizləşdirdiyini deyib.
 
Bildirib ki, içəridən Rasimin atəş açdığını görüb və ondan silahı alıb. Təqsirləndirilən Abbas Hüseynov isə ondan ucadan danışmağı tələb edib və şahidi təhqir edib. Hakim A. Hüseynova xəbərdarlıq edib və xəbərdarlığın protokola qeyd edilməsini istəyib. Daha sonra hakim fasilə elan edib.
 
Fasilədən sonra hakim bildirib ki, İ. Kazımov başqa vaxt çağırılıb ifadə verəcək.
 
O, bir daha təqsirləndirilən şəxslərə xəbərdarlıq edib.
 
Sonra BMCMİ-nin əməkdaşı Kamil Məmmədov şahid  qismində ifadə verib. O, Aqil İsmayılovu zərərsizləşdirdiyini, ondan qumbara götürüldüyünü deyib. Vəkillər ondan atışma zamanı evə necə girdiklərini soruşub. O da atışma bitəndən sonra evə daxil olduqlarını deyib. Vəkil atışmanın niyə dayandığı barədə soruşanda isə şahid "yəqin ağılları başlarına gəldi" cavabını verib. Bu da təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Abbas Hüseynov hakimə irad tutaraq bildirib ki, şahidə xəbərdarlıq etsin: "Niyə ona qışqırıb xəbərdarlıq etmirsiniz? Qorxursunuz, sizi də aparıb işgəncə verərlər?"
 
Hakim Ə. Abbasov isə A. Hüseynovun zaldan çıxarılmasına göstəriş verib.
 
Sonra prosesdə fasilə elan olunub.
 
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
 
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar