Görüş taekvondoçumuz üçün yaxşı başlamasa da, uğurla yekunlaşıb. 19 yaşlı idmançımız 2 xal geri (1:3) düşdükdən sonra 5 xal irəli keçib. Lakin o üstünlüyünü qoruya bilməyib və rəqib status-kvonu bərpa edib. Qalib qızıl xalla müəyyənləşib ki, burada da Tağızadə dəqiq olub – 10:9. O, bununla da inamlı qələbə sayəsində taekvondo komandamıza qızıl medal qazandırıb.
Bu yığmamızın 11-ci “qızıl”ı, ümumilikdə isə komandamızın 23-cü mükafatı olub.
Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız təcrübəli rəqib qarşısında layiqli mübarizə aparıb. Hücumda dəqiq, müdafiədə diqqətli olan Tağızadə 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.
"Neftçi İdman Klubu"nun üzvü finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb. Tağızadə əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə də inamlı təsir bağışlayıb. Həmyerlimiz rəqibinin Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı olmasına baxmayaraq, çəkinmədən mübarizə aparıb və onu üstələyib - 7:5./apa/