"Tacikistan hakimiyyəti fəaliyyət göstərməsi üçün icazə sənədi olmayan 1938 məscidi bağlayıb".
Qazeta.info “Report”-a istinadən xəbər verir ki, bunu Tacikistan hökuməti yanında dini və adət-ənənə işləri üzrə komitənin sədri Süleyman Davlatzoda fevralın 5-də jurnalistlərə bildirib.
“Onlara qeydiyyatdan keçmək üçün vaxt verilmişdi. Ancaq müəyyən edilən müddət ərzində qeydiyyatdan keçmədikləri üçün məscidlər bağlandı”, - komitə sədri vurğulayıb.
Komitənin məlumatına görə, 2017-ci ilin sonunda Tacikistanda 4 minə yaxın dini müəssisə, o cümlədən 48 mərkəzi cümə məscidi, 326 cümə məscidi, 3528 beşdəfəlik məscidlər, 1 İslam mərkəzi, 3 ismaili mərkəzi, 67 qeyri-İslam birliyi qeydə alınıb. Son 9 ildə Tacikistanda imamlar attestasiyadan keçirilirlər. 2014-cü ildən din xadimlərinə hər ay 90 dollara yaxın maaş verilir.