Tələbələrə işləmək imkanı
01.04.2015 627 0.0 0

Mayın 23-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tələbələr üçün əmək yarmarkası keçiriləcək.

Qazeta.info Təhsil Nazirliyinə istinadla bildirir ki, yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq.
Əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.
Yarmarkada ölkəmizdə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı nəzərdə tutulub. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılacaqlar.
Əmək yarmarkası çərçivəsində işəgötürənlərlə tələbələr arasında tədbirdən əvvəl əlaqələr yaradılacaq, müəssisə təmsilçiləri namizədlər haqqında ətraflı məlumatlandırılacaq və tədbir günü müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunacaq. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün tələbələr xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçəcəklər. Bundan sonra şirkətlər müvafiq namizədləri yarmarka zamanı nəzərdə tutulmuş vaxtlarda müsahibəyə dəvət edəcəklər.
Tədbirdə iştirak etmək istəyən tələbələr www.jobfair.az internet saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar