Təhsil Nazirliyindən Müəllimlərin attestasiyası haqda açıqlama
08.10.2015 613 0.0 0

Azərbaycanda orta məktəb müəllimlərinin həm attestasiyası, həm də sertifikasiyası yalnız ölkə üzrə bütün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi başa çatdıqdan sonra həyata keçirilə bilər.

Qazeta.info bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Diaqnostik qiymətləndirmə bütün ölkə üzrə keçirildikdən sonra bütün müəllimlərin bilik və bacarıqlarının səviyyəsinin məlum olacağını deyən İ.Nağıyev qeyd edib ki, bunun əsasında müəllimlərin zəif və güclü tərəfləri müəyyən ediləcək: "Buna görə də diaqnostik qiymətləndirmə bu işlərin görülməsi üçün ilk mərhələ hesab edilir".

Nazirlik rəsmisi əlavə edib ki, ancaq sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında olmayacaq: “Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma attestasiyanın daha geniş formatda olması düşünülür. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”.

Attestasiyanın nə zaman keçiriləcəyinə gəldikdə isə, İ.Nağıyev bildirib ki, ölkənin bütün müəllim kontiginenti 150 min nəfərdən çox olduğuna görə, attestasiyanın bütün ölkə ərazisini əhatə etməsi müəyyən qədər vaxt aparacaq: “Ola bilər ki, attestasiya da diaqnostik qiymətləndirmə kimi tədricən, regionlar üzrə olsun. Attestasiya məsələləri barədə diaqnostik qiymətləndirmə ölkə üzrə başa çatdıqdan sonra danışa bilərik. Artıq diaqnostik qiymətləndirmə Bakıda keçirilib, bu ilin sonuna kimi 12 rayon və şəhər üzrə də keçirləcək. Prosesin hansı müddətə bitəcəyi hökumətin qərarından asılı olacaq”.

Müəllimlərin sertifikasiyasının keçirilməsi mexanizminin hələ müəyyənləşdirilmədiyini qeyd edən İ.Nağıyevin sözlərinə görə, attestasiya və sertifikatlaşdırma bir-birindən fərqlənir: “Attestasiya zamanı müəllim attestasiyadan keçir, nəticədə o, ya işini ya saxlayır, ya da itirir. Sertifikasiya prosesində müəllim müəyyən imtahandan keçərək sertifikatını alır və fəaliyyət göstərir. Ümumi baxıldıqda attestasiya və sertifikasiya məfhumları bir-birinə çox bənzəyir. Bu proseslərin mexanizmləri hələ hazır deyil”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar