Təhsil müəssisələrində nəticə yönlü və şəffaf idarəetmə modelinin, yeni məlumat və hesabat sistemlərinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bakıdakı 22 nömrəli tam orta məktəbdə qanunsuzluq halı aşkarlanıb.
Qazeta.info bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, məktəbin direktor müavini Cavad Səfərov direktor səlahiyyətlərini müvəqqəti icra edən zaman 2015-2016-cı tədris ilində rəsmi qeydiyyata alınmadan qanunsuz olaraq 15 nəfər şagirddən ibarət ödənişli məktəbəhazırlıq qrupu yaradıb. Belə ki, bu məktəb Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinə əlavə edilmiş ödənişli pilot məktəbəhazırlıq qruplarının təşkil olunduğu ümumtəhsil məktəblərinin siyahısına daxil edilməyib.
Eyni zamanda valideynlər tərəfindən ödənilən 3960 manat vəsait dövlət büdcəsinə keçirilməyib. Cavad Səfərov valideynləri 6 yaşı tamam olmayan uşaqlarının bu kursu bitirdikdən sonra müsabiqəsiz 1-ci sinfə qəbul olunacaqları ilə də aldadıb.
Göstərilənlərlə əlaqədar Bakı şəhəri 22 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavad Səfərov vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsi ləğv edilib. C.Səfərovun əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma mərkəzlərindən isə bildirilib ki, yerli təhsili idarəetmə qurumlarında və təhsil müəssisələrində vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməyən şəxslərlə bağlı tədbirlər görülüb.
Şəmkir rayonu Çənlibel kənd 2 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləmiş Elnarə İsmayılova nazirliyə müraciət edərək cari tədris ilində işdən azad edildiyini bildirib.
Şəmkir Rayon Təhsil Şöbəsi E.İsmayılovanın həmin məktəbdə müddətli müqavilə ilə işlədiyini və cari tədris ilində ehtiyac olmadığından onunla müqavilə bağlanmadığını açıqlayıb. Eyni zamanda həmin məktəbdə ingilis dili fənni üzrə 26 saat dərs yükünün 2 nəfər müəllim tərəfindən tədris olunduğu bildirilib.
Araşdırma zamanı Çənlibel kənd 2 nömrəli tam orta məktəbdə ingilis dili fənni üzrə ümumi dərs yükünün 26 saat deyil, 51 saat olduğu məlum olub. Həmçinin məktəbin ingilis dili müəllimi Vüsalə İsmayılovaya Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilən təhsil haqqında sənədin dövlət nümunəli olmadığı aşkarlanıb.
Qeyd olunanlarla bağlı Şəmkir Rayon Təhsil Şöbəsinin məsləhətçisi Elşən Qasımova və kargüzar Sitarə Xəlilovaya töhmət verilib.
Elnarə İsmayılova müəllimlərin işə qəbulu üzrə imtahanda 47,2104 bal topladığı və ingilis dili fənni üzrə dərs yükü olduğu üçün Çənlibel kənd 2 nömrəli tam orta məktəbdə müddətsiz müqavilə ilə işə qəbul edilib.
Ötən və bu tədris illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş müsabiqəyə əsasən Kürdəmir rayonunun ümumtəhsil məktəblərində işə qəbul olunmuş müəllimlərin (onların çoxuna həvəsləndirmə tədbirləri (H1,H2) tətbiq olunub) dərsə davamiyyəti vəziyyəti yoxlanılıb. 10 ümumtəhsil məktəbində 34 müəllimin dərsə davamiyyəti vəziyyətinin araşdırılması zamanı rayonun Ərəbqubalı kənd İ.Məmmədov adına tam orta məktəbində 2, Sığırlı kənd C.Əsgərov adına tam orta məktəbində 1, Çərtəyəz kənd ümumi orta məktəbində 1 müəllimin işdə olmadığı aşkarlanıb. Buna baxmayaraq, Ərəbqubalı kənd tam orta məktəbinin müəllimləri Dilbər Həmidzadə və Asiyət Xəlilovanın ötən ilin sentyabr-noyabr aylarında işə gəlməməsinə şərait yaradan məktəbin direktor əvəzi iş vaxtının uçotu tabelinə onların işdə olması barədə saxta məlumatlar daxil edib.
Eyni zamanda Sığırlı kənd tam orta məktəbinin müəllimi Gülöyşə Bədəlovanın 2 ay müddətində dərs keçməməsinə və sinif jurnallarında qeydlər aparmamasına, Çərtəyəz kənd ümumi orta məktəbinin müəllimi Rəna Əliyevanın 1 ay 15 gün dərsə gəlməməsinə baxmayaraq, məktəb rəhbərliyi tərəfindən onların işdə olmamasının səbəbləri araşdırılmadan qanunsuz əməkhaqqının ödənilməsinə şərait yaradılıb.
Kürdəmir Rayon Təhsil Şöbəsinin tabeliyindəki təhsil müəssisələrinin fəaliyyətinə zəif nəzarəti nəticəsində ciddi nöqsanlara yol verildiyinə görə şöbənin müdiri vəzifəsinin Mətləb Allahverdiyevə həvalə edilməsi barədə əmr ləğv edilib. Metodist Əsgər Hüseynov isə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə intizam məsuliyyətinə cəlb olunub.
Həmçinin yuxarıda adları qeyd olunan məktəblərdə direktor vəzifəsi həvalə olunan Mütəllim Mütəllimov, Firəngiz Həşimova və Rəmzi Ağayev barədə əmrlər ləğv olunub. Direktor müavinləri Aqşin Qədiyev, Minarə Ağayeva və müəllimlər Gülöyşə Bədəlova, Rəna Əliyeva, Dilbər Həmidzadə və Asiyət Xəlilova tutduqları vəzifədən azad ediliblər.
Quba rayonunun 7 ümumtəhsil məktəbində də mərkəzləşdirilmiş qaydada işə qəbul olunmuş 11 müəllimin işə davamiyyəti yoxlanılıb. Bu rayonda da yeni işə qəbul olunmuş müəllimlərin əksəriyyətinə həvəsləndirmə tədbirləri (H1, H2) tətbiq olunub.
Yoxlama zamanı Çiçi kənd tam orta məktəbində 2016-cı ildə işə qəbul olunmuş müəllim Aynur Abbasovanın işə gəlmədiyi və direktor Həvva Süleymanovanın iş vaxtının uçotu tabelinə A.Abbasovanin işdə olması barədə saxta məlumatlar daxil etdiyi aşkarlanıb.
Quba Rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümova və aparıcı məsləhətçi Cahangir Abdullayevə rayonun ümumtəhsil məktəblərinə zəif nəzarət edərək vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə töhmət verilib.
Məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verərək işçinin işdən yayınmasına şərait yaratdığına və rəsmi sənədlərə yalan məlumatlar daxil etdiyinə görə Çiçi kənd tam orta məktəbin direktoru Həvva Süleymanova ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.
Təhsil Nazirliyi bundan sonra da işində nöqsanlara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyin tələblərinə əsasən tədbirlər görüləcəyini və müraciətlərin araşdırılması nəticəsində aşkarlanan faktlar barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracağını bildirir.