Azərbaycan hökuməti “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, bu qaydalar Azərbaycan vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – əcnəbilər) tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri üzrə Azərbaycan Respublikasının təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura səviyyəsi üzrə elmi tədqiqat müəssisələrində və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında (bundan sonra – təhsil müəssisələri) təhsil almasına dair ümumi tələbləri müəyyən edir.
Bu Qaydalar Azərbaycanda daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.
Azərbaycan vətəndaşlarının xaricdə təhsili dövlət proqramları çərçivəsində və beynəlxalq müqavilələr əsasında, Azərbaycan Respublikasının hüquqi şəxslərinin, xarici ölkələrin və onların təhsil müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüd (tələbələrin təhsil almaları ilə əlaqədar təhsil haqqı, yataqxana, yaşayış xərci və digər xərclərin qarşılanması) və qrantlar əsasında, təhsil müəssisələrinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladığı müqavilələr əsasında, xarici ölkələrin dövlət qurumlarının ayırdıqları kvotalar əsasında, Azərbaycanın hüquqi və fiziki şəxslərinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladıqları müqavilələr əsasında həyata keçiriləcək.
Azərbaycanın vətəndaşları təhsil almaq məqsədi ilə yerləşdikləri dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrini, ixtisası (ixtisaslaşmanı), təhsil pilləsini və səviyyəsini seçməkdə sərbəstdirlər. Azərbaycan vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbulunun aparılması Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.
Növbəti təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istəyən xaricdə təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nauyğun həyata keçirilir.